XƏZƏR NEFTİNİN ODESSA-BRODI NEFT KƏMƏRİ İLƏ NƏQL OLUNMASINA VAŞİNQTONUN MÜNASİBƏTİ
AZƏRTAC-ın Kiyevdəki müxbiri xəbər verir ki, burada çıxan beynəlxalq ictimai-siyasi “Zerkalo nedeli” həftəliyi ABŞ dövlət katibi müavininin köməkçisi Stiven Payferlə “Seçim imkanı geniş olanda” başlığı altında müsahibə dərc etmişdir. ABŞ Dövlət Departamentinin yüksəkvəzifəli nümayəndəsi Ukraynanın nüfuzlu nəşrinə müsahibəsində Odessa-Brodı neft kəmərinə münasibətini bildirmişdir.
S.Payfer demişdir: “Hazırda yaranmış vəziyyətə mənim münasibətim bir qədər başqa cürdür. Almaniyada və Sloveniyada Xəzər nefti ilə işləyən neftayırma zavodları var. Bu neft Adriatik və Aralıq dənizləri və deməli, Bosfor boğazı vasitəsilə tankerlərlə gətirilir, sonra isə bu neftayırma zavodlarına daxil olur. Bizim fikrimizcə, Odessa-Brodıdan istifadə olunması Xəzər neftinin nəqlini daha ucuz, onun özünü isə daha rəqabətədavamlı edərdi. Bax, buna görə də biz Ukrayna hökumətini tariflər, sifarişçilər və tədarükçülərlə bağlı bütün məsələləri öyrənmək üçün qrup yaratmağa çağırırıq. Həmin qrup Qərb şirkətləri ilə bir masa arxasında oturub, real layihə yarada bilər. Ukrayna hansı istiqamətin - Avropa istiqamətinin, yoxsa, əks istiqamətin onun üçün daha əlverişli və sərfəli olduğunu yalnız bundan sonra aydın deyə bilər. Lakin energetika şirkətləri bizə bildirirlər ki, danışıqların konkret mərhələsinə hələ də gəlib çatmaya bilər”.
Sonra o, əks istiqamətlə bağlı öz münasibətini bildirmişdir:
- Neft kəmərləri çəkilişi planları başqa dövlətlərdə də mövcuddur. Belə planlar Rumıniyada da, Bolqarıstanda da var. İndi Ukrayna böyük üstünlüyə malikdir, lakin neft kəmərindən əks istiqamətdə istifadə edilərsə, onda rəqiblər həmin müvəqqəti üstünlükdən istifadə edə bilər və artıq o zaman Ukraynaya kəmərdən birbaşa istifadəyə qayıtmaq çətin olacaq, çünki neft başqa yollarla nəql ediləcəkdir.