XƏZƏRDƏKİ ƏSAS TƏRƏFDAŞIN SAXLANMASI
AZƏRTAC həmin məqalənin tərcüməsini oxuculara təqdim edir.
XƏZƏRDƏKİ ƏSAS TƏRƏFDAŞIN SAXLANMASI
Xəzər dəniz regionunun coğrafi-siyası mənzərəsini həmişəlik dəyişən və Amerikaya əvvəllər Sovet İttifaqının tam nəzarəti altında olan nəhəng neft yataqlarına gəlmək imkanı yaradan razılığın on illiyi qeyd edilir.
Müqaviləni imzalamış tərəflər arasındakı münasibətlər on il ötəndən sonra ABŞ-ın xarici siyasətində prioritet olmalıdır.
Azərbaycanın paytaxtı Bakıda Azərbaycan hökuməti ilə xarici neft şirkətlərinin konsorsiumu arasında imzalanmış və üç nəhəng yatağın - “Azəri-Çıraq-Günəşli” neft yataqlarının işlənilməsini nəzərdə tutan müqavilə ilk baxışdan sadə görünə bilər. Bu yataqlardan hasil olunacaq altı milyard barrel yanacaq ehtiyatı Bakı-Tbilisi-Ceyhan kəməri ilə birbaşa Aralıq dənizinə yola salınacaqdır. Oradan isə neft ABŞ-ın şərq sahilindəki limanlar da daxil olmaqla, Qərb bazarlarına göndəriləcəkdir. Dünyadakı neft ehtiyatlarının 10 faizi Xəzər dənizi regionundadır.
Lap əvvəldən Azərbaycan Amerika (dünyada qalmış yeganə super qüvvə) ilə dost olmaq istəyirdi, Amerikaya isə Yaxın Şərq regionuna daxil olmayan neft yataqlarında işləmək imkanı lazım idi. Amma həmin şəraiti nəzərə almaqla, bu müqavilənin imzalanması o vaxt ən çətin məsələ idi. Azərbaycan qonşu Ermənistanla Dağlıq Qarabağ ərazisi üstündə müharibəyə qatılmışdı. Onun quru ərazisinin 20 faizi işğal olunmuş və 8 milyon əhalisinin, təxminən 1 milyonu qaçqına çevrilmişdi.
Azərbaycan xalqı Sovet İttifaqından ayrıldıqdan sonra cəmi 3 il idi ki, müstəqillik şəraitində yaşamışdı və bu illər ərzində SSRİ-nin dağılması ilə bağlı ciddi siyasi və iqtisadi problemlərlə üzləşmişdi. Müqavilənin imzalanmasına daha bir maneə Rusiya və İranın tam narazılığı idi. Onlar bu müqaviləni öz milli təhlükəsizlikləri üçün qorxulu hesab edirdilər, çünki həmin müqavilə Amerika neft şirkətlərinə onların həyətyanı sahə hesab etdiyi ərazilərdə işləmək imkanı yaradırdı.
Yalnız Azərbaycanın keçmiş Prezidenti Heydər Əliyevin mövqeyi, mətinliyi və siyasi ustalığı bu müqavilənin imzalanmasını mümkün etdi. Azərbaycanın əsl vətənpərvəri olan keçmiş Siyasi Büro üzvü Heydər Əliyev vətənini de-fakto suveren, müstəqil ölkə kimi idarə edərək, nə şimaldan Rusiyaya, nə də cənubdan İrana imkan vermədi ki, ölkəsinin daxili işlərinə qarışsınlar.
Heydər Əliyev lap əvvəldən dərk etdi ki, ABŞ-Azərbaycan maraqlarının eyniliyi tərəfləri qarşılıqlı surətdə möhkəmləndirəcəkdir. Həmin maraqlar aşağıdakı məsələlər üzrə üst-üstə düşürdü: Xəzər dənizinin neft və təbii qaz ehtiyatlarının davamlı işlənilməsi, inkişaf etdirilməsi və beynəlxalq bazarlara daşınması; Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli; radikal islamın neftlə zəngin Xəzər regionuna daxil olmasının məhdudlaşdırılması və terrora qarşı qlobal müharibə. Cənab Əliyev Azərbaycanın müsəlman irsi və dünyəvi hökumət arasında ziddiyyət görmürdü. O, tez-tez deyərdi: “İslam bizim inamımızdır, ürəklərimizdə və işlərimizdədir, amma küçələrimizdə və siyasətimizdə deyil”.
O, dünyanın ilk liderlərindən idi ki, Birləşmiş Ştatlarda 2001-ci il 11 sentyabr faciəsi baş verdikdən dərhal sonra yardımını təklif etdi. Cənab Əliyev Əfqanıstana uçan ABŞ hərbi təyyarələrinə Azərbaycan üzərindən keçmək hüququ təklif etdi.
ABŞ-Azərbaycan dostluğu, qarşılıqlı əməkdaşlıq və dəstək cənab Əliyevin oğlu, atasının siyasətini davam etdirməyə söz verən İlham Əliyevə (keçən il Azərbaycan əhalisinin böyük əksəriyyəti tərəfindən Prezident seçilmişdir) də keçmişdir. Öz növbəsində ABŞ, müqavilələr üzrə danışıqlar başlayarkən dəhşətli maneələrə baxmayaraq, seçimini Amerikanın xeyrinə etmiş və ürəyini Amerikaya açmış Azərbaycana və onun xalqına sonsuz dərəcədə borcludur və minnətdar olmalıdır.
Təəssüf ki, Vaşinqton bu mühüm dostluğu hər zaman uca tutmur. Həm Prezident Klintonun, həm də Buşun regional enerji təhlükəsizliyinə Azərbaycanın töhfələrinin nə dərəcədə vacib olduğunu anlamalarına baxmayaraq, Konqres Amerikanın ən yaxşı dostuna və keçmiş Sovet İttifaqındakı iş tərəfdaşına arxasını çevirdi. Konqresin Azərbaycanın coğrafi-siyasi əhəmiyyətinə hörmətlə yanaşa bilməməsi gülüş doğuran dərəcədə təəssüfləndiricidir.
Noyabrda prezident seçkiləri zamanı kimin qalib gələcəyindən asılı olmayaraq, ABŞ növbəti korrektiv təşəbbüslərlə çıxış edərək, bu ölkə ilə dostluq və əməkdaşlığı uca tutmalıdır:
1. Konqres 1992-ci ildən qüvvədə olan və Azərbaycana Şimali Koreyadan da pis düşmən kimi münasibət bəsləyən “Azadlığa Dəstək Aktı”nın 907-ci maddəsini birdəfəlik aradan qaldırmalıdır (2001-ci il sentyabrın 11-dən başlayaraq, Amerikanın dostu kimi rəftar olunması və ABŞ-dan birbaşa yardım alması üçün Prezident Buş hər il 907-ci maddəni dayandırmalı olmuşdur).
2. Azərbaycanın Xəzər neftinə giriş qapısı olduğunu nəzərə almaqla, Konqres Azərbaycanla Amerika arasında hərbi əməkdaşlığı artırmaq üçün müvafiq fondlar ayırmalıdır.
3. Amerika diplomatiyası Dağlıq Qarabağ münaqişəsinin həllini prioritetə çevirməlidir. Müharibənin yenidən başlanması neftin Birləşmiş Ştatlara axmasına mənfi təsir edər.
4. Azərbaycan Prezidenti ABŞ-a dəvət olunmalı və terrorizmə qarşı müharibədə Amerikaya qəti dəstək verdiyinə görə ona minnətdarlıq bildirilməlidir.
Amerikanın Yaxın Şərqdən bir qədər şimalda, uzun müddət həddən artıq təvazökar qalan güclü tərəfdaşı var. Amerika öz dostlarından həmişə xahiş edir ki, onunla bir sırada dursunlar və ona sayğı göstərsinlər. Nəhayət, biz amerikalılar da öz tərəfdaşlarımıza qarşı onların layiq olduqları münasibəti bəsləmək haqqında düşünməliyik.