Xırdalanda növbəti iki küçənin təmirinə start verilib
Xırdalan, 4 yanvar, Ətrabə Rzayeva, AZƏRTAC
Abşeron Rayon İcra Hakimiyyəti Xırdalan şəhərinin daha iki küçəsində asfaltlama işlərinə start verib. Asfaltlama işləri Xırdalan şəhərinin ümumi sahəsi 6570 kvadratmetr olan Əbdüləli Mürsəlov və 9170 kvadratmetr sahəsi olan Şıxəli Qurbanov küçələrində həyata keçiriləcək.
AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində piyada səkiləri yenidən qurulub, kənarlarında olan köhnə səki daşları sökülərək yeniləri ilə əvəzlənəcək. Yenidənqurma işlərinə uyğun olaraq, küçənin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Layihə çərçivəsində kanalizasiya quyularının qapaqları yenilənəcək, yol kənarlarına yeni yağış barmaqlıqları yerləşdiriləcək, hərəkətin normal təşkili üçün yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yol-cizgi və yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilməsi işləri aparılmaqla müasir yol infrastrukturu yaradılaraq vətəndaşların istifadəsinə veriləcək. Küçənin işıqlandırılması da həyata keçiriləcək.