Xocalı qətliamı insanlığa qarşı yönəlmiş amansız cinayətdir
Qax, 26 fevral (AZƏRTAC). Bəşər tarixinin ən qanlı cinayətlərindən olan Xocalı faciəsinin 21-ci ildönümü ilə bağlı Qax rayonunda anma mərasimləri keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, fevralın 26-da rayon rəhbərliyi, əmək kollektivlərinin və ictimaiyyətin nümayəndələri, yaşlılar və gənclər “Şəhidlər xiyabanı”na gələrək Vətənimizin azadlığı uğrunda şəhid olmuş həmvətənlərimizin məzarları üzərinə gül-çiçək düzmüş, şəhidlərimizin xatirəsini ehtiramla yad etmişlər.
Mərasim iştirakçılarına Xocalı faciəsindən bəhs edən bukletlər paylanmışdır.
Faciənin ildönümü ilə əlaqədar keçirilən rayon tədbirində qeyd olunmuşdur ki, 21 il əvvəl, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində dünyada misli görünməmiş qətliam baş vermişdir. Həmin gecə erməni qəsbkarları Dağlıq Qarabağdakı keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı ilə birlikdə Xocalı şəhərini darmadağın edərək bəşəriyyətə qarşı ən ağır cinayətlərdən birini törətmişlər. Bu dəhşətli cinayət nəticəsində 7 min nəfərə yaxın əhalisi olan Xocalı şəhəri yer üzündən tamamilə silinmiş, 613 nəfər dinc azərbaycanlı, o cümlədən 63 uşaq, 106 qadın qəddarlıqla, dözülməz işgəncələrlə qətlə yetirilmiş, 1275 nəfər Xocalı sakini girov götürülərək ağlasığmaz zülmə, təhqirlərə məruz qalmışdır. Bildirilmişdir ki, Xocalı qətliamı öz miqyasına görə, XX əsrin ən dəhşətli, ən qəddarcasına törədilmiş Xatın, Xirosima kimi faciələrlə eyni səviyyədə durur.
Toplantıda çıxış edənlər Xocalı faciəsini doğuran səbəblər, faciənin mahiyyəti və acı nəticələri barədə danışmış, faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında ümummilli liderimiz Heydər Əliyevin xidmətlərini xüsusi vurğulamışlar. Çıxışlarda Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin düşünülmüş siyasəti və qətiyyətli addımları nəticəsində işğal altında olan torpaqlarımızın tezliklə geri qaytarılacağına, cinayətkarların layiqli cəzalarını alacaqlarına əminlik ifadə olunmuşdur.
Tədbirin sonunda Xocalı faciəsinin dəhşətli anlarını əks etdirən sənədli film nümayiş etdirilmişdir.