Xocalı sakini: Ermənilər yüzlərlə sakinimizi qəddarcasına qətlə yetirdilər
Bakı, 25 fevral, AZƏRTAC
1992-ci il fevralın 25-dən 26-na keçən gecə biz Qarqar çayından insanları keçirib, Qaraqaya tərəfə gəldik. Oradan isə Əsgərana üz tutduq. İnsanları qətlə yetirmək üçün ermənilər orda gözləyirdilər. Onlar yüzlərlə sakinimizi qəddarcasına qətlə yetirdilər.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Xocalı faciəsinin şahidi Valeh Hüseynov söyləyib.
“Ermənilər insanları qətlə yetirərkən hərəmiz bir tərəfə qaçmağa başladıq. Yoldaşıma dedim ki, sən qaç mən səni gəlib taparam. Mən Qaraqaya deyilən yerin bir üzündən o biri üzünə keçdim. Çatanda gördüm ki, yoldaşım orada yox idi. Ermənilər isə mənə tərəf atəş açırdılar. Qaçaraq yoldaşım olan tərəfə çatdım. Oradakı 12 nəfər qadını, uşağı götürüb, Qaraqaya tərəfə getdik. Yenə də ermənilərin güllə yağışına məruz qaldıq. Həmin vaxt yoldaşıma güllə dəydi və oradaca şəhid oldu. Biz isə əsir düşdük”, - deyə faciə şahidi bildirib.
Valeh Hüseynov qeyd edib ki, yoldaşının meyitini sonradan bizimkilər gedib götürüb.