Xocalı soyqırımı qurbanlarının xatirəsi Gürcüstanın Laqodexi rayonunda da yad olunub
Tbilisi, 27 fevral, AZƏRTAC
Azərbaycan və gürcü xalqları daim sevincli və kədərli günlərdə bir yerdədirlər.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Xocalı qətliamının 26-cı ildönümü ilə əlaqədar Gürcüstan Laqodexi rayonunda keçirilmiş anım tədbirində səslənib.
Tədbirdə Laqdexi rayon bələdiyyəsinin sədri Kaxa Camburiya, Gürcüstan parlamentin deputatı Quram Maçaraşvili, rayon icra hakimiyyətinin rəhbər şəxsləri, Qabal kənd orta məktəblərinin direktorları, müəllim və şagirdləri, kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.
Qabal kənd 1 nömrəli orta məktəbinin direktoru Lamara Tabatadze Azərbaycan və gürcü xalqları arasındakı qədim dostluq əlaqələrindən danışıb.
Deputat Q.Maçaraşvili çıxışında Azərbaycan-Gürcüstan dostluğundan danışıb, sevinc və kədərli günlərdə bir yerdə olmağımızın əhəmiyyətini xüsusi qeyd edib.
Rayon bələdiyyə şurasının sədri K.Camburiya iki dost xalqın tarixi köklərə söykənən qardaşlıq əlaqələrindən, yaşadıqları oxşar talelərdən danışıb, Azərbaycan xalqının kədərinə şərik olduqlarını bildirib. Hər iki natiq Azərbaycan xalqına baş sağlığı verib, faciə qurbanlarının xatirəsinin daim yaşayacağını bildiriblər.
Qabal kənd icra nümayəndəsi Zaman Allahverdiyev, kənd ağsaqqalı Camal Niyazov, müəllimlərdən Bəkir Yunusov, Fərman Əliyev və başqaları çıxış edərək sevincli anlarımızla yanaşı kədərli, faciəvi günlərimizdə də daim bizimlə olan gürcü xalqına minnətdarlıqlarını bildiriblər.
Azərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi Elçin Məmmədov çıxış edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri, qabaqcadan düşünülmüş Xocalı soyqırımının səbəbləri barədə geniş məlumat verib.
Bildirib ki, tədbirin məqsədi kədərli faciəmizi dostlarımızla bölüşmək, erməni faşistlərinin xalqımıza və digər millətlərə qarşı tarixən törətdikləri qanlı cinayətləri birlikdə dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır. Diqqətə çatdırıb ki, cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində 1992-ci il fevralın 26-da Xocalıda 106 nəfəri qadın, 63-ü uşaq, 70-i qoca olmaqla 613 nəfər öldürülüb, 487 nəfər şikəst olub, 1275 dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz işgəncələrə, təhqir və həqarətlərə məruz qalıblar.
Vurğulanıb ki, xalqımızın ümummilli lideri Heydər Əliyev növbəti dəfə siyasi hakimiyyətə qayıdışından sonra bu qanlı faciəyə ilk dəfə hüquqi-siyasi qiymət verilib. Məhz o dövrdən başlayaraq Azərbaycan hökuməti erməni millətçilərinin xalqımıza qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, onun soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir.
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində hər il xarici ölkələrdə silsilə tədbirlər keçirilir. Görülən işlər nəticəsində Xocalı faciəsi və Dağlıq Qarabağ həqiqətləri barədə dünya ictimaiyyəti daha çox məlumatlar əldə edib. Beynəlxalq hüquqa əsasən Xocalı faciəsinin məhz soyqırımı faktı olduğu sübuta yetirilib. Artıq, dünya ölkələrinin bir çoxu Xocalıda törədilən vəhşiliyi soyqırımı faktı kimi tanıyıblar.
Sonra məktəblilər Xocalı soyqırımına həsr olunmuş şeirlər söyləyiblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi