Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş kompozisiya nümayiş etdirilmişdir
Bakı, 12 fevral (AZƏRTAC). Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “Xocalı soyqırımını tanıtım” İctimai Birliyinin təşkilatçılığı ilə XX əsrin ən dəhşətli soyqırımı olan Xocalı faciəsinin 22-ci ildönümünə həsr edilmiş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın başlatdığı “Xocalıya ədalət!” Beynəlxalq kampaniyası çərçivəsində keçirilmiş tədbirdə Milli Məclisin deputatı Elman Məmmədov mənfur qonşularımız olan erməni cəlladlarının keçmiş SSRİ-nin Xankəndidəki 366-cı motoatıcı alayı ilə birgə törətdiyi cinayəti bəşəriyyət tarixində dəhşətli nəticələrinə görə analoqu olmayan hadisə adlandırmışdır.
“Xocalı soyqırımını tanıtım” İctimai Birliyinin sədri Şamil Sabiroğlu bildirmişdir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə şəxsi heyətində erməni zabitlərin də olduğu bu alayın çoxsaylı ağır texnikası şəhərə yeridilmiş, qocaya, cavana, uşağa, hamilə qadına belə rəhm edilmədən dinc insanlar amansızcasına qətlə yetirilmişlər.
Tədbirdə şair Ənvər Əhməd, yazıçı-publisist Səriyyə Müslümqızı və başqaları xatırlatmışlar ki, Xocalı faciəsini ABŞ-ın 11 ştatı, Kanada, Meksika, Kolumbiya, Peru, Pakistan, Bosniya və Herseqovina, Rumıniya, Çex Respublikası və İordaniyanın parlamentləri də soyqırımı aktı kimi tanımışlar.
Tədbirin sonunda “Turan” teatr qrupunun ifasında Fuad Kazımovun səhnə tərtibatı verdiyi “Hələ varıq, olacağıq, qalacağıq, artacağıq” kompozisiyası nümayiş etdirilmişdir.