Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xocalı soyqırımı: tarix nə deyir?

Xocalı soyqırımı: tarix nə deyir?

Bakı, 15 fevral (AZƏRTAC). Bir neçə gündən sonra Azərbaycan Xocalı soyqırımının növbəti ildönümünü qeyd edəcəkdir. AZƏRTAC Ukrayna Milli Aviasiya Universitetinin beynəlxalq hüquq kafedrasının professoru, hüquq elmləri doktoru, Ukraynanın Əməkdar Təhsil İşçisi Arif Quliyevin təkcə ölkəmizin deyil, bütün bəşəriyyətin tarixində ən qara səhifələrdən biri olan bu qanlı faciə haqqında məqaləsini təqdim edir.

Fevralın 26-da Xocalı soyqırımının 22-ci ildönümü tamam olur. Buna baxmayaraq faciədən sonra ötən illər ərzində 1980-ci illərin sonu - 1990-cı illərin əvvəllərində baş vermiş faciəli hadisələrin dərindən dərk edilməsinə lazımi diqqət yetirilməmişdir. Sovet İttifaqının dağılması Cənubi Qafqazda, Mərkəzi Asiyada, Dnestryanı zonada və keçmiş sovet məkanının digər regionlarında münaqişələrə səbəb olmuşdur. Bu da insanların ölümünə və kütləvi məcburi köçkünlüyə gətirib çıxarmışdır.

Hazırda Xocalı faciəsinə dair bir çox tədqiqatlar əsasən faciəli hadisələrin xronoloji təsvirindən ibarətdir. Həmin hadisələrdən əvvəlki vəziyyətə və onların siyasi səbəblərinə çox az diqqət yetirilir. Əslində isə Azərbaycan xalqının ən qanlı faciəsi olan Xocalı soyqırımı Dağlıq Qarabağ münaqişəsi fonunda baş vermişdir.

Ermənilərin İrandan Azərbaycana köçürülməsinin 150 illiyi ilə əlaqədar 1978-ci ildə Dağlıq Qarabağda abidə ucaltmış ermənilər son iki yüz ildə öz xarici havadarlarının köməyi ilə Azərbaycana qarşı işğalçılıq siyasətini ardıcıl surətdə həyata keçirmişlər. “Böyük Ermənistan” yaratmaq ideyasından ilhamlanan ermənilər özgə torpaqlarını ələ keçirmək və bu torpaqlarda öz dövlətini yaratmaq üçün iki yüz il mübarizə aparmışlar.

Tarixdən gün kimi aydındır ki, erməni millətçiləri qonşu xalqlara qarşı daim təcavüz törətmiş, heç bir vasitədən çəkinməyib, başqalarının hüquqlarını tapdalayaraq, onları öz doğma torpaqlarından sıxışdırıb çıxarmaqla, hətta terror aktları və qırğınlar törətməklə, özgə ərazilərini addım-addım zəbt edərək öz niyyətlərini həyata keçirməyə cəhd göstərmişlər.

Təəssüf ki, Azərbaycan barəsində Ermənistanın yeritdiyi işğalçılıq, terrorçuluq siyasəti Yerevanın dövlət siyasətinə çevrilmiş və minlərlə günahsız insanın ölümünə səbəb olmuşdur. 1994-cü ilədək ermənilər dinc Azərbaycan əhalisinə qarşı 373 terror aktı törətmişlər.

Bu gün dünya mürtəce erməni separatizmi kimi təhlükə ilə üzləşmişdir. Bu, soyqırımı, terror, deportasiya yolu ilə həyata keçirilən ərazi iddialarında, yad torpaqların ələ keçirilməsində özünü büruzə verir. XIX əsrdən başlayaraq erməni şovinist-millətçiləri Azərbaycan xalqına qarşı vaxtaşırı etnik təmizləmə və soyqırımı siyasəti yeritmişlər. Çoxsaylı tarixi sənədlər təsdiq edir ki, 1905-1907-ci, 1918-1920-ci, 1948-1953-cü illərdə yüz minlərlə azərbaycanlı etnik təmizləmə, kütləvi qırğın və soyqırımına məruz qalmışdır. Bu prosesin əsası XIX əsrdə rus imperiyası tərəfindən qoyulmuş və ermənilərin işğal edilmiş Azərbaycan ərazilərinə köçürülməsi ilə müşayiət olunmuşdur. Azərbaycanlıların öz tarixi torpaqlarından sıxışdırılıb çıxarılması siyasəti sovet dövründə də davam etdirilmişdir, lakin kommunist rejimi millətlərarası münasibətlər sahəsini öz nəzarəti altında saxlaya bilmişdir. Qorbaçovun “yenidənqurması” milli prosesləri gücləndirmişdir. Məlum olduğu kimi, bu dövrdə milli məsələ kəskinləşmişdir. 1988-ci ilin fevralında Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini tələb edən ermənilərin ilk mitinqləri başlandı. Bu, Yerevanın və Kremlin siyasi ssenarisinin ilk tamaşası idi. Daşnaklarla birlikdə bu planın həyata keçirilməsinə dair fəaliyyət proqramı işlənib hazırlandı.

Qorbaçov hakimiyyətə gələr-gəlməz “Krunk” daşnak təşkilatı öz fəaliyyətini leqallaşdırdı. Partiya, sovet orqanları, həmkarlar ittifaqları, komsomol təşkilatları “Krunk”un bölmələrinə və konkret icraçılarına çevrildi. Yerevanda milli problemlərə həsr olunmuş silsilə konfranslar keçirilirdi. Bu konfranslara muxtar vilayətdən öz daşnak əqidəsi ilə tanınmış şəxslər dəvət olunurdular. Gələcək mitinqlər, nümayişlər, tətillər, Azərbaycan əhalisinin qovulması və hətta qırılması qabaqcadan planlaşdırılmışdı. 1988-1989-cu illərdə Ermənistanda öz tarixi-etnik torpaqlarında yaşamış 250 min nəfərdən çox azərbaycanlı bir nəfər kimi deportasiya olundu. Bununla da Dağlıq Qarabağ münaqişəsinə təkan vuruldu. Dağlıq Qarabağın Azərbaycandan ayrılması yolunda 1988-ci ildə ermənilərin başladığı mübarizə kənd və qəsəbələrin dağılmasına, on minlərlə günahsız insanın öldürülməsinə, yüz minlərlə azərbaycanlının öz tarixi-etnik ərazilərindən qovulmasına gətirib çıxardı.

Erməni silahlıları Qarabağda azərbaycanlıların yaşadıqları Kərkicahan, Meşəli, Quşçular, Qaradağlı, Ağdaban kimi qəsəbə və kəndlərdə kütləvi qətllər, Bakıda və Azərbaycanın digər şəhərlərində saysız-hesabsız terror aktları törədirdilər. Beynəlxalq normalara məhəl qoymayan erməni millətçiləri Dağlıq Qarabağı Ermənistana birləşdirməyə çalışırlar. Bu avantüra naminə onlar hər cür rəzalətə və cinayətə əl atırlar. Həmin cinayətkar və təcavüzkar erməni siyasətinin nəticəsi olan Xocalı faciəsi belə baş vermişdir.

Hadisələrin xronologiyası göstərir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının ağır texnikasının və şəxsi heyətinin köməyi ilə Xocalı şəhərini ələ keçirdi. Şəhər hücumdan əvvəl artilleriyadan və ağır hərbi texnikadan güclü atəşə tutuldu. İnsanlar azərbaycanlıların yaşadıqları ən yaxın məntəqə olan Ağdam şəhəri istiqamətində nicat tapmaq ümidi ilə öz doğma evlərini tərk etməyə məcbur oldular. Lakin bu cəhdlər Xocalı sakinləri üçün faciə ilə nəticələndi. Erməni silahlı dəstələri dinc əhaliyə xüsusi amansızlıqla divan tutdu.

Nəticədə 613 nəfər dinc sakin öldürüldü, 487 adam şikəst edildi, 1275 xocalılı əsir götürüldü, işgəncələrə, təhqirlərə məruz qaldı. 150 nəfərin taleyi hələ də məlum deyildir. Həlak olanlardan və öldürülənlərdən 106 nəfəri qadın, 63 nəfəri azyaşlı uşaqdır, şikəst qalmış 76 nəfər yetkinlik yaşına çatmamış qızlar və oğlanlardır. Bu, yalnız kədərli statistikadır, bu rəqəmlərin arxasında isə bütün Azərbaycan xalqının faciəsi durur.

Nə üçün erməni silahlıları soyqırımı məhz Xocalıda törətdilər? Bir çox tədqiqatçılar belə hesab edirlər ki, bu şəhərin taleyi Dağlıq Qarabağ münaqişəsi başlananda artıq həll edilmişdi. Xocalı Şuşadan sonra Qarabağın demək olar ki, tamamilə azərbaycanlılardan ibarət olan ikinci yaşayış məntəqəsi idi. Üstəlik o, strateji cəhətdən mühüm obyekt sayılırdı: DQMV-nin inzibati mərkəzi olan Stepanakerti azərbaycanlıların yaşadıqları Ağdam şəhəri ilə birləşdirən yol məhz Xocalıdan keçirdi, Dağlıq Qarabağın mülki aviasiya üçün yeganə aeroportu da bu yaşayış məntəqəsinin yaxınlığında yerləşirdi. Lakin Ermənistandan, habelə münaqişə zonasında yerləşən ətraf şəhər və kəndlərdən azərbaycanlı qaçqınların Xocalıya axışıb gəlməsi başlıca rol oynadı. Beləliklə, erməni ekstremistləri bilərəkdən Xocalını seçmişdilər. Şəhərdə yalnız azərbaycanlı əhalinin yaşaması faktı məhz soyqırımı aktının törədildiyini təsdiq etməyə əsas verir, çünki erməni silahlıları dinc sakinləri milli əlamətə görə qətlə yetirilmişlər. Bu da soyqırımının törədildiyinə əsas sübutdur.

Erməni tərəfi şəhərə hücumda 366-cı motoatıcı alayının hərbi maşınlarının və heyətlərinin iştirakını gizlətmirdi. Əslində onlar etnik təmizləmə prosesində muzdlular kimi hərəkət edirdilər. Sovet İttifaqı dağıldıqdan sonra 1991-ci ilin sonunda Qarabağ münaqişəsinin döyüş əməliyyatları zonasında yerləşən bir çox hərbi hissələr erməni quldur dəstələrinə silah satır və müəyyən haqq müqabilində onların tərəfində hərbi əməliyyatlarda iştirak edirdilər. Zaqafqaziya hərbi dairəsinin komandanlığı bu biabırçılıqları bilirdi, lakin öz hərbi qulluqçularının erməni silahlıları ilə əməkdaşlığını açıq-aşkar təqdir edirdi.

Xocalının işğalı üzrə hərbi əməliyyatın həyata keçirilməsi zamanı bu şəhərin dinc əhalisinə qarşı kütləvi zorakılıq törədilmişdir. Azad dəhliz zonasında və ona bitişik ərazidə yerləşən dinc əhalinin kütləvi qırğınına heç bir fövqəladə hərbi vəziyyətlə haqq qazandırmaq olmaz.

Xocalı faciəsinin araşdırılması üzrə istintaq qrupunun materialları göstərir ki, hücum zamanı qadağan olunmuş 5,45 kalibrli güllələrdən və kimyəvi silahdan istifadə edilmişdir. İnsanlar amansızcasına təhqir olunmuşlar: onların başlarının dərisi soyulmuş, başları və bədənlərinin digər hissələri kəsilmiş, uşaqların gözləri çıxarılmış, hamilə qadınların qarınları yırtılmış, insanlar diri-diri yandırılmışlar. Bu faktlar bilavasitə təsdiq edir ki, Ermənistan Cenevrə Konvensiyasının protokollarına məhəl qoymadan Xocalının dinc əhalisinə qarşı soyqırımı törətmişdir.

Bu faciəni müstəqil təhqiq edən “Memorial” hüquq müdafiə mərkəzi qeyd etmişdir ki, Xocalıya hücum zamanı erməni silahlı dəstələri Ümumi İnsan Hüquqları Bəyannaməsinin aşağıdakı maddələrini pozmuşlar:

• 2-ci maddəni - burada deyilir ki, hər bir insan bu Bəyannamədə elan edilmiş bütün hüquq və azadlıqlara malik olmalıdır;

• 3-cü maddəni - burada insanın yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ təsbit edilir;

• 5-ci maddəni - bu maddə insana qarşı amansız, qeyri-insani, yaxud onun ləyaqətini alçaldan rəftarı qadağan edir;

• 9-cu maddəni - bu maddə özbaşına həbsləri, saxlanmanı və ya qovulmanı qadağan edir;

• 17-ci maddəni - bu maddə hər bir insanın əmlaka sahib olmaq hüququnu bəyan edir və insanın öz əmlakından özbaşına məhrum olunmasını qadağan edir.

Bundan başqa, silahlı dəstələrin hərəkətləri Fövqəladə vəziyyətlərdə və silahlı münaqişələr dövründə qadınların və uşaqların müdafiəsi haqqında bəyannaməyə tamamilə ziddir.

Beləliklə, ermənilərin və onlarla əlbir olanların Xocalıda törətdikləri insan hüquqlarının kobud şəkildə pozulması, beynəlxalq hüquqi aktlara həyasızcasına məhəl qoyulmaması deməkdir. Bu aktlar aşağıdakılardır:

• Cenevrə Konvensiyası, İnsan hüquqları haqqında ümumi bəyannamə;

• Vətəndaş hüquqları və siyasi hüquqlar haqqında beynəlxalq pakt;

• İqtisadi, sosial və mədəni hüquqlar haqqında beynəlxalq pakt;

• Uşaq hüquqları haqqında bəyannamə;

• Fövqəladə vəziyyətlərdə və silahlı münaqişələr dövründə qadınların və uşaqların müdafiəsi haqqında bəyannamə və digər beynəlxalq hüquq aktları.

Azərbaycan xalqına qarşı erməni separatçılarının cinayət əməllərinə dövlət səviyyəsində siyasi qiyməti ilk dəfə ümummilli lider Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə vermişdir. Onun daha bir Fərmanı - “Azərbaycanlıların 1948-1953-cü illərdə Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” Fərman azərbaycanlıların deportasiyasının hərtərəfli tədqiqi, bu cinayətə siyasi-hüquqi qiymət verilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Bu sənədlər intensiv elmi tədqiqatların başlanmasına, Azərbaycan tarixinin qanlı səhifələrinin daha dərindən öyrənilməsinə, azərbaycanlılara qarşı ermənilərin yeritdikləri etnik təmizləmə siyasətinin əsl qaynaqlarının aşkara çıxarılmasına kömək göstərmişdir.

Hazırda Azərbaycanın elm xadimləri, siyasətçi alimləri bu sahədə birgə iş aparırlar. Onlar azərbaycanlıların soyqırımının beynəlxalq hüquqi cəhətdən tanınmasına və bu hadisələrə siyasi-hüquqi qiymət verilməsinə nail olmağı özlərinə borc bilirlər.

Buna görə də bir məsələni qeyd etmək yerinə düşərdi ki, bir çox jurnalistlər, ekspertlər, siyasətçilər regiondakı vəziyyəti təsvir edərkən, adətən nəinki Xocalı faciəsinin, həmçinin ümumən Ermənistan-Azərbaycan münaqişəsinin geosiyasi aspekti nəzərdən keçirilmir. 1992-ci ilin fevral qırğınından sonra bu rakurs Rusiyanın tanınmış hüquq müdafiəçisi və sülhməramlısı, “Etnoharmonizasiya missiyalarının təşkili” (OMEQA) hüquq müdafiə və xeyriyyə cəmiyyətinin təsisçisi Viktor Popkov tərəfindən müəyyən dərəcədə işıqlandırılmışdır. Qızıl Xaç Cəmiyyətləri İttifaqının nümayəndəsi kimi Dağlıq Qarabağda qaynar nöqtələrdə olmuş V.Popkov belə qənaətə gəlmişdir: “366-cı alayın köməyi ilə həyata keçirilmiş əməliyyat təkcə hərbi məqsəd deyil, hər şeydən əvvəl, siyasi məqsəd daşımışdır. Dinc sakinlərə divan tutmaq məqsədi daşıyan əməliyyat zamanı cəzavermə vasitəsilə iki məsələ həll olunmuşdur. Birincisi, Azərbaycan tərəfi ermənilərin genişmiqyaslı təcavüzünə haqq qazandıra biləcək hərəkətlər törətməyə təhrik edilirdi, ikincisi, Dağlıq Qarabağ xalqını erməni siyasətinin girovuna çevirməyə cəhd göstərilirdi. Cinayətin təşkilatçılarının fikrincə, Xocalı hadisələrindən sonra artıq Dağlıq Qarabağın hər hansı şəkildə Azərbaycanın tərkibində qalması imkanı tamamilə kəsilirdi”.

Azərbaycan xalqına qarşı yönəldilmiş erməni təcavüzünün nəticələrini təhlil edərək hansı ümumi qənaətə gəlmək olar?

Dağlıq Qarabağ münaqişəsi nəticəsində bir milyondan çox azərbaycanlı qaçqına və məcburi köçkünə çevrilmiş, təxminən 20 min adam həlak olmuş, 50 min insan yaralanmış, yaxud şikəst qalmış, 5 min nəfər itkin düşmüşdür. Bundan başqa, iyirmi ildən çoxdur ki, Azərbaycan torpaqlarının beşdə bir hissəsi, o cümlədən Dağlıq Qarabağ bölgəsinə aid olmayan, 1990-cı illərin əvvəllərinədək yalnız azərbaycanlıların yaşadıqları yeddi rayon Ermənistan tərəfindən işğal olunmuşdur. İşğal zonasında yüzlərlə şəhər və kənd, minlərlə ictimai-mədəniyyət obyekti, təhsil və səhiyyə müəssisələri, tarix və mədəniyyət abidələri, muzeylər, məscidlər, müqəddəs yerlər, qəbirlər yer üzündən silinmiş, misli görünməmiş vandalizmə məruz qalmışdır. Beləliklə, Azərbaycanın ərazisinə, ekologiyasına və əhalisinə böyük iqtisadi və mənəvi ziyan vurulmuşdur.

Təəssüf ki, dünya miqyasında bu faciəyə hələ də siyasi qiymət verilməmişdir. Halbuki Azərbaycan xalqının genofondunun məhv edilməsi faktı göz qabağındadır və bir çox ölkələr Xocalı hadisələrini soyqırımı kimi tanımışlar. Bu faciənin “bəşəriyyətə qarşı cinayət” olduğunu təsdiqləyən ilk sənəd İslam Əməkdaşlıq Təşkilatının Xocalı soyqırımı ilə əlaqədar qəbul etdiyi xüsusi qətnaməsidir. 51 ölkə tərəfindən qəbul olunmuş qətnamədə Xocalı faciəsi “erməni silahlı qüvvələri tərəfindən dinc əhaliyə qarşı törədilmiş kütləvi soyqırımı” və “bəşəriyyətə qarşı cinayət” kimi qiymətləndirilmişdir.

Bununla əlaqədar olaraq yenə də beynəlxalq hüquqi aktlara istinad etmək istəyirəm. Bu aktlarda göstərilir ki, erməni separatçılarının Azərbaycan xalqına qarşı hərəkətləri BMT-nin məqsəd və vəzifələrinə tamamilə ziddir. Məsələn, BMT Baş Assambleyasının 1946-cı il 11 dekabr tarixli 96-cı qətnaməsində göstərilir ki, soyqırımı insan qruplarının yaşamaq hüququnu tanımamaqla insan ləyaqətini təhqir edir, bəşəriyyəti insanların yaratdıqları maddi və mənəvi dəyərlərdən məhrum edir. BMT Baş Assambleyasının 1948-ci il dekabrın 9-da qəbul etdiyi və 1961-ci ildə qüvvəyə minmiş 260-cı qətnaməsi ilə qəbul olunmuş “Soyqırımı cinayətinin qarşısının alınması və soyqırıma görə cəzalandırma haqqında” Konvensiyada isə “soyqırımı” anlayışının bəşəriyyətə qarşı ən ağır cinayət kimi hüquqi tərifi verilmişdir. Beləliklə, Konvensiyaya qoşulmuş dövlətlər soyqırımın dinc dövrdə və ya müharibə dövründə törədilməsindən asılı olmayaraq beynəlxalq hüquq normalarını pozan cinayət olduğunu təsdiq etməklə soyqırımın qarşısının alınması və onun günahkarlarının cəzalandırılması üçün tədbirlər görməyi öhdələrinə götürmüşlər. Belə bir sual meydana çıxır: nə üçün hamı tərəfindən qəbul olunmuş beynəlxalq hüquq normaları və prinsipləri əsasında dünya ictimaiyyəti Xocalı soyqırımı məsələsini, həmçinin ümumiyyətlə, Dağlıq Qarabağ məsələsini indiyədək həll etməmişdir? Axı Xocalıda törədilmiş dəhşətli cinayətin xarakteri və miqyası göstərir ki, faciənin törədilməsi zamanı bu Konvensiyada əksini tapmış soyqırımı cinayətinin tərkib hissələrini təşkil edən bütün hərəkətlər olmuşdur. Heç kəsdə şübhə yoxdur ki, planlaşdırılmış amansız kütləvi qırğın aktı bu ərazidə yaşayan insanları məhz azərbaycanlı olduqlarına görə tamamilə məhv etmək məqsədilə törədilmişdir.

Müharibə zamanı davranış qaydalarını müəyyənləşdirən beynəlxalq hüquq normalarına Ermənistanın məhəl qoymaması faktları bununla məhdudlaşmır. Beynəlxalq humanitar hüququn tələblərinə görə, müharibə yalnız silahlı münaqişə tərəflərinin silahlı qüvvələri arasında aparılmalıdır. “Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında” IV Cenevrə Konvensiyasının 3-cü maddəsi ilə mülki əhalinin həyatına və təhlükəsizliyinə qəsd edilməsi, o cümlədən insanların müxtəlif üsullarla öldürülməsi, onlara xəsarət yetirilməsi, əhali ilə amansızcasına rəftar edilməsi, ona əzab və işgəncələr verilməsi, insan ləyaqətinin alçaldılması qadağan olunur. Mülki əhaliyə qarşı kollektiv cəza tədbirlərinin tətbiqi, insanların vahiməyə salınması, əhaliyə qarşı terror hərəkətləri və cəza tədbirləri birmənalı şəkildə qadağan edilir. Bu konvensiyanın 34-cü maddəsinə görə, vətəndaşların girov götürülməsi də qadağandır. Lakin təkcə Xocalıda ermənilər bu hüquq normalarına məhəl qoymadan mindən çox insanı girov götürmüşlər. Beləliklə, tamamilə aydındır ki, Ermənistanın bütün hərəkətlərində “Soyqırımı cinayətinin qarşısının alınması və soyqırıma görə cəza haqqında” Konvensiyada nəzərdə tutulmuş soyqırımı cinayətinin törədilməsi əlamətləri vardır.

Yalnız bir şey aydın deyil: nə üçün bir sıra ölkələrin parlament üzvləri tarixi həqiqətlərə etinasız yanaşaraq bu soyqırıma göz yumurlar? Axı cəzasız qalan hər bir cinayət yeni cinayətlərə səbəb olacaqdır. Ermənilər xristian aləminin həmişə və hər şeydə onlara inanmasından istifadə edərək yalanlarını artırır, təcavüzkarı qurban rolunda qələmə verməklə günahı zərərçəkənlərin üstünə yıxmağa çalışırlar.

Ermənilər azərbaycanlılara qarşı törədilmiş soyqırıma həyasızcasına haqq qazandırırlar, onu törədənlər isə milli qəhrəmanlar hesab olunur. Ermənistanda yeni Azərbaycan torpaqlarını ələ keçirmək üçün dövlət miqyasında ideoloji əsaslar yaradılır. Erməni tarixinin saxtalaşdırılması erməni gənclərin şovinizm ruhunda tərbiyə edilməsi üçün zəmin yaratmaq məqsədilə dövlət siyasəti səviyyəsinə qaldırılır. Ermənilərə qarşı guya soyqırımın həyata keçirildiyi 1915-ci il hadisələrini ildən-ilə şişirtməklə, bu hadisələri geniş təbliğ etməklə erməni tarixçiləri və siyasətçiləri əslində əsrin əvvəlindən həyata keçirilən azərbaycanlıların kütləvi qırğınını dünya ictimaiyyətinin yaddaşından silməyə cəhd göstərirlər.

Xocalı faciəsi hüquqşünaslar, tarixçilər, sosioloqlar və politoloqlar, siyasətçilər tərəfindən hələ indiyədək kifayət qədər obyektiv öyrənilməmişdir. Problem bundadır ki, belə hadisələrin öyrənilməsi zamanı çox vaxt elmi yanaşmaya deyil, ştamplara və siyasi təşviqata yer verilir. Nə üçün bu yaxın tarix maraqlarımızdan kənardadır və tarixçilər böyüməkdə olan nəsil arasında tariximizin ağ və qara səhifələrinə humanist marağın qorunub saxlanması üçün nə edə bilərlər? Bəlkə də keçmiş sovet münaqişələrinə marağın itməsinə səbəb budur ki, elmi dairələr tarixin bu dövrünə hələ də obyektiv və düzgün qiymət verə bilməmişdir, halbuki dünyada qəbul edilmiş beynəlxalq konvensiyalar Xocalı faciəsinə bənzər soyqırımı aktlarını pisləyir, onların yolverilməz olduğunu bəyan edir.

Bütün yuxarıda deyilənlərdən belə nəticə çıxarmaq istəyirəm ki, Azərbaycan bu məsələdən hər hansı siyasi, maliyyə və ərazi dividendləri, başqa dividendlər əldə etmək məqsədi güdmür. Hər bir Azərbaycan vətəndaşı kimi onun məqsədi tarixi ədaləti bərpa etmək, cinayətkarları ifşa etmək və onları dünya ictimaiyyətinin mühakiməsinə verməkdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq