Növbəti köç karvanı Xocavəndə çatıb - YENİLƏNİB
Xocavənd, 25 avqust, AZƏRTAC
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, Xocavənd şəhərinə, Qırmızı Bazar qəsəbəsinə və Quzeyxırman kəndinə növbəti köç prosesi gerçəkləşib, səhər saatlarında yola salınan ailələr öz yurdlarına qovuşublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, köçürülən sakinlərin məskunlaşması üçün yaşayış yerlərində lazımi şərait yaradılıb. Yollar abadlaşdırılıb, evlər və infrastruktur bərpa edilib.
12:08
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu mərhələdə Xocavənd şəhərinə 19 ailə olmaqla 88 nəfər, Quzeyxırman kəndinə 13 ailə olmaqla 61 nəfər, Qırmızı Bazar qəsəbəsinə 11 ailə olmaqla 42 nəfər yola salınıb.
Xocavənd rayonuna köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Müxbir-Aydın Yavərzadə