REGİONLAR
Xudat şəhərində Nizami Gəncəvinin adını daşıyan park istifadəyə verilib
![](/files/galleryphoto/2023/2/1200x630/16866567294605855873_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/1686656729394685122_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/1686656729451060586_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16866567293124736136_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16866567294451121537_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/1686656729127658523_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16866567293918940326_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16866567293833156730_1200x630.jpg)
Xaçmaz, 13 iyun, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz rayonunun Xudat şəhərində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin adını daşıyan park əsaslı təmirdən sonra yenidən sakinlərin istifadəsinə verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ümumi sahəsi 2 hektaradək olan istirahət məkanında əsaslı şəkildə yenidənqurma və abadlıq işləri aparılıb. Parkda Nizami Gəncəvinin heykəli ucaldılıb, dahi şairin yaradıcılığını özündə əks etdirən “Kitab abidəsi” yaradılıb. 2500 kvadratmetr əraziyə tamet döşənib, yaşıllıqlar salınıb və gül kolları əkilib. İstirahət məkanında yeni oturacaqlar, fəvvarə və müasir işıqlandırma sistemi, həmçinin elektron kitabxana, müxtəlif idman qurğuları və uşaqların istirahəti üçün atraksionlar da quraşdırılıb.
Parkın açılış mərasimində Xaçmaz Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, Xudat şəhərinin və ətraf kəndlərin sakinləri iştirak ediblər.
İcra hakimiyyətinin başçısı Elnur Rzayev tədbir iştirakçılarını 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təbrik edərək, rayonda park və xiyabanların yenidən qurulması, yaşıllıqların salınması istiqamətində görülən işlərdən danışıb.
Çıxışlarda Xudat şəhərində dahi şairimiz Nizami Gəncəvinin adını daşıyan parkın əsaslı şəkildə təmir olunması görkəmli şəxsiyyətlərə verilən qiymətin bariz nümunəsi kimi dəyərləndirilib. Rayonun müasir görünüşünə və ekoloji vəziyyətinə müsbət təsir edən belə layihələrin gələcəkdə də davam etdiriləcəyini vurğulayıb.
Rayon Ağsaqqallar Şurasının üzvü Müzafəddin Rzayev, şəhid anası Validə Məmmədova son illər Xaçmaz rayonunda həyata keçirilən genişmiqyaslı tikinti, quruculuq və abadlıq işlərindən danışıblar.
Tədbirin bədii hissəsində dahi şairimiz Nizami Gəncəvinin şeirləri səsləndirilib, kompozisiyalar nümayiş olunub. Musiqi kollektivləri xalq mahnıları və rəqs nümunələri ilə çıxış ediblər.