CƏMİYYƏT
Xüsusi təyinatlı qazilər Ümummilli Liderin və akademik Zərifə Əliyevanın məzarlarını ziyarət ediblər
Bakı, 30 aprel, AZƏRTAC
Bu gün Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yaradılmasından 24 il ötür.
AZƏRTAC xəbər verir ki, “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyi bu gün münasibətilə Fəxri xiyabana gedərək Ümummilli Lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını ziyarət edərək önünə gül dəstələri və əklil qoyublar.
Sonra İkinci Şəhidlər xiyabanına gələrək ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarından keçmiş şəhidlərimizin məzarlarını ziyarət edərək üzərinə gül dəstələri qoyub, xatirələrini anıblar.
İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə qeyd edib ki, 1999-cu il 30 aprel tarixi əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə daha da inkişaf etdirilən Azərbaycan Xüsusi Təyinatlıların yarandığı gündür. Xüsusi təyinatlı qazilər, şəhid ailələri və veteranlar bu əlamətdar tarixi hər il müntəzəm qeyd edirlər. “Biz fəxr edirik ki, istər hərbi, istərsə də ictimai fəaliyyətimizdə xüsusi təyinatlı ailəsiyik. Harada olmalarından asılı olmayaraq, Xüsusi Təyinatlılar öz missiyasını davam etdirir. İstər hərbi, istər ictimai fəaliyyətimizdə Müzəffər Ali Baş Komandanın hər bir əmrinə hazırıq”, - deyə o qeyd edib.
Xatırladaq ki, Xüsusi Təyinatlı Qüvvələr 1999-cu il aprelin 30-da yaradılıb. Qüvvələrin formalaşmasında Birinci Qarabağ müharibəsi iştirakçıları olmuş zabit və gizirlər iştirak ediblər.
Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-leytenant, Vətən Müharibəsi Qəhrəmanı Hikmət Mirzəyevdir.