Yanğından zərər çəkən şəhid ailəsinə evlərinin bərpası üçün kömək olunacaq
Quba, 13 iyun, Elxan Yusifli, AZƏRTAC
Birinci Qarabağ müharibəsi şəhidləri Qoşqar və Eldar Məhərrəmovların atası Məhərrəmov Mahur Xanbala oğluna məxsus ev yanğın nəticəsində yarasız vəziyyətə düşüb. Evin bərpası üçün müvafiq yardım göstəriləcək.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iyunun 12-də Quba rayonunun Dərk kəndində baş verən yanğın zamanı Mahur Məhərrəmovun evi və ona bitişik tövlə yanıb, ailə üzvü Rəhilə Məhərrəmova yanıq xəsarətləri alıb.
İyunun 13-də Quba Rayon İcra Hakimiyyətinin rəhbərliyi və müvafiq dövlət qurumlarının nümayəndələri Dərk kəndində evi yanan şəhid ailəsi ilə görüşərək, vəziyyətlə yerində tanış olublar. Söhbət zamanı yanğından zərərçəkmiş ailəyə müvafiq köməyin göstəriləcəyi bildirilib, aidiyyəti şəxslərə lazımi tapşırıqlar verilib.