Yanmış uşaq bağçasında tərbiyə alan uşaqlar Oğuz şəhərindəki digər bağçaya yerləşdiriləcəklər
Oğuz, 23 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Noyabrın 23-də gecə saatlarında baş vermiş yanğın nəticəsində binası tamamilə yararsız vəziyyətə düşmüş Oğuz şəhər 3 nömrəli körpələr evi-uşaq bağçasında təlim-tərbiyə alan uşaqlar bu gündən etibarən təhsillərini müvəqqəti olaraq şəhərdəki digər məktəbəqədər təhsil müəssisəsində - 115 yerlik 2 nömrəli körpələr evi-uşaq bağçasında davam etdirəcəklər. Bununla bağlı artıq valideynlərə məlumat verilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Oğuz rayonu üzrə Təhsil sektorunun müdiri Sərdar Nəbiyev məlumat verib.
Sektor müdirinin sözlərinə görə, yanmış 4 qruplu 75 yerlik uşaq bağçasında 68 uşaq təhsil alırdı. Yanğın nəticəsində bağça binasının üst örtüyü və demək olar ki, bütün otaqlar inventar və avadanlıqlarla birlikdə yanaraq yararsız vəziyyətə düşüb. İlkin ehtimala görə, yanğının başvermə səbəbi elektrik naqillərində baş verən qısaqapanma olub.