YAP ƏZİZBƏYOV RAYON TƏŞKİLATININ VII KONFRANSI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, iyulun 1-də Yeni Azərbaycan Partiyası Əzizbəyov rayon təşkilatının VII konfransı keçirilmişdir. Konfrans iştirakçıları əvvəlcə partiyanın yaradıcısı, ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan parka gəlmiş, ulu öndərin abidəsini ziyarət etmişlər.
YAP Əzizbəyov rayon təşkilatının sədri Namiq Əhmədov VI konfransdan keçən dövr ərzində görülmüş işlər, qazanılmış uğurlar və qarşıdan gələn prezident seçkilərinə hazırlıqla bağlı məruzə etmişdir. Partiyanın rayonda aparıcı siyasi qüvvəyə çevrildiyini deyən məruzəçi, hazırda 1993-cü ildən fəaliyyət göstərən rayon partiya təşkilatının üzvlərin sayının 6665 nəfərə çatdığını bildirmişdir.
Məruzədə vurğulanmışdır ki, rayon təşkilatı prezident seçkilərinə ciddi hazırlaşır. Görülən işlər Seçki Məcəlləsinə uyğun aparılır. İcra orqanları qarşısında qoyulan tapşırıqlar uğurla yerinə yetirilir. YAP fəallarından ibarət qruplar yaradılmış, onların köməyi ilə treninqlər keçirilmiş, dairə və məntəqə seçki komissiyalarında fəaliyyət göstərəcək əsas və məşvərətçi səs hüququna malik olan YAP üzvləri maarifləndirilmiş, fəallardan müşahidəçilər seçilmiş, onların təlimatlandırılmasına başlanmışdır. Seçici siyahıları dəqiqləşdirilmişdir.
Payızda keçiriləcək prezident seçkilərinin xalqın monolit birliyini, ümummilli liderimiz Heydər Əliyevin ideyalarına, dövlətçiliyimizə olan sarsılmaz sədaqət və inamını əyani şəkildə nümayiş etdirəcəyini vurğulayan N.Əhmədov demişdir ki, xalqımız bu seçkilərdə də düzgün seçim edərək, ulu öndərin siyasi xəttinin layiqli davamçısı İlham Əliyevə səs verəcəkdir.
Konfransın sonunda Yeni Azərbaycan Partiyasının IV qurultayına rayon təşkilatından nümayəndələr seçilmişdir.