YAP GƏNCƏ ŞƏHƏR TƏŞKİLATININ VII KONFRANSI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, YAP Gəncə şəhər təşkilatının VII konfransı keçirilmişdir.
Partiyanın yaradıcısı, ümummilli liderimiz Heydər Əliyevin abidəsi ziyarət edildikdən sonra YAP Gəncə şəhər təşkilatının sədri İsrafil İsmayılovun ötən konfransdan keçən dövr ərzində görülən işlərə dair məlumatı dinlənilmişdir. Məlumatda qeyd edilmişdir ki, əhalinin sosial vəziyyəti əhəmiyyətli dərəcədə yüksəlmiş, hər bir ailənin aylıq pul gəlirləri artmış, yoxsulluq həddi 49 faizdən 16 faizə enmişdir. Dövlət büdcəsi 10 dəfədən çox artmışdır. Azərbaycan Prezidentinin yorulmaz səmərəli fəaliyyəti nəticəsində respublikamız iqtisadiyyatın bütün sahələri üzrə davamlı inkişafı saxlayaraq regionda lider ölkəyə çevrilmişdir. Söz yox ki, aparılan uğurlu siyasət Gəncənin də inkişafında özünü göstərmiş, insanların rifahı yüksəldikcə onların dövlət başçısına olan inamları da artmışdır. Elə buna görə də ölkədə aparıcı partiya olan Yeni Azərbaycan Partiyasının sıraları durmadan genişlənmişdir. Hazırda YAP Gəncə şəhər təşkilatının 22 min 632 nəfər üzvü vardır. Onlar cəmiyyətdə sosial bazasını möhkəmləndirən Yeni Azərbaycan Partiyasının sıralarında sıx birləşərək müstəqil Azərbaycanın inkişafında yeni-yeni uğurlara imza atırlar.
Məlumatda qarşıdan gələn prezident seçkilərinə hazırlıqla bağlı görülən işlər də konfrans iştirakçılarının nəzərinə çatdırılmışdır. Qeyd olunmuşdur ki, prezident seçkilərinə hazırlıq dövründə partiyanın struktur bölmələrində işlər daha da canlandırılmış, 4 seçki dairəsinin hər birinin ərazisində yaşayan 5 mindən çox partiya üzvü bir seçici olaraq İlham Əliyevi yenidən ölkə başçısı görməkdə maraqlı olduqlarını ifadə etmişlər ki, bu da seçkilərin fəallıqla keçəcəyinə əminlik yaradır.
Sonra konfransda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Milli Məclisin deputatı, akademik Asəf Hacıyev, YAP Siyasi Şurasının üzvü, deputat Musa Quliyev, AMEA-nın müxbir üzvü, professor Fuad Əliyev, Gəncə Dövlət Universitetinin rektoru, professor Elman Məmmədov və başqaları çıxış edərək, ötən 4 il ərzində respublikamızda qazanılan uğurlardan danışmış, qarşıdan gələn prezident seçkilərinə hazırlığın vəziyyəti ilə bağlı ürək sözlərini söyləmişlər.
Sonra açıq səsvermə yolu ilə Yeni Azərbaycan Partiyasının IV qurultayına nümayəndələr seçilmişdir.