YAP Nəsimi rayon təşkilatının bir qrup partiya veteranı gənclərlə görüşüb
Bakı, 19 noyabr, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının bir qrup partiya veteranı ilə gənclər arasında görüş keçirilib.
Bu barədə AZƏRTAC-a YAP Nəsimi rayon təşkilatından məlumat verilib.
Tədbirdə əvvəlcə Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 29-cu ildönümünə həsr edilmiş videoçarx nümayiş olunub.
Sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov veteran partiya üzvlərinin qayğıları ilə maraqlanıb, onlara hər zaman dəstək olacaqlarını bildirib. Həmçinin Prezident İlham Əliyevin xüsusi yanaşması nəticəsində gənc nəslin partiya veteranlarının siyasi təcrübəsindən geniş yararlana bilməsi üçün Yeni Azərbaycan Partiyasında Veteranlar Şurasının yaradıldığını qeyd edib.
Sonra Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov çıxış edərək YAP-ın nüfuzunun gündən-günə artdığını söyləyib. O, partiyanın Nəsimi rayon təşkilatının rayonun ictimai-siyasi həyatında fəal şəkildə iştirak etdiyini deyib.
Görüşdə YAP Nəsimi rayon təşkilatının gənc partiya fəalları partiya veteranlarının dəyərli məsləhət və tövsiyələrini dinləyiblər. O cümlədən partiyanın rayon təşkilatının yaradılmasının tarixi barədə məlumatlandırılıblar.
Tədbirdə çıxış edən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi-gənc partiya üzvü Rüfət Rüstəmov veteranların dəyərli söhbətlərindən məmnun olduqlarını bildirib. O, gənclərin vətənpərvər ruhda yetişməsi üçün bu cür görüşlərin əhəmiyyətini xüsusi vurğulayıb.
Qeyd edək ki, görüş xüsusi karantin qaydalarına tam əməl edilməklə keçirilib.