YAP QƏBƏLƏ RAYON TƏŞKİLATININ VII KONFRANSI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Yeni Azərbaycan Partiyası Qəbələ rayon təşkilatının VII konfransı keçirilmişdir. Mərasim iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə əklil və gül-çiçək dəstələri qoymuşlar.
Qəbələ rayon mədəniyyət evində keçirilən toplantıda YAP rayon təşkilatı sədrinin əvəzi Qüdrət Səmədov VI konfransdan keçən müddət ərzində görülmüş işlər, əldə edilmiş nailiyyətlər və prezident seçkiləri ərəfəsində qarşıda duran vəzifələr barədə məruzə etmişdir. O, çıxışında əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və böyük təşkilatlanma yolu keçən Yeni Azərbaycan Partiyasının fəaliyyət istiqamətlərindən, ölkəmizin ictimai-siyasi həyatındakı rolundan, gördüyü işlərlə xalqın böyük inamını və dəstəyini qazanmasından bəhs etmişdir. 412 nəfərin iştirak etdiyi konfransda təşkilati məsələlərə baxılmışdır. YAP Qəbələ rayon təşkilatının siyasi şurasına 29 nəfər, idarə heyətinə 13 nəfər, nəzarət-təftiş qrupuna 7 nəfər üzv seçilmişdir. Açıq səsvermə yolu ilə Qüdrət Səmədov YAP Qəbələ rayon təşkilatının sədri seçilmişdir.
YAP İdarə Heyətinin üzvü, icra katibinin müavini Siyavuş Novruzov, siyasi şuranın üzvləri Namiq Əhmədov və Ağəli Əhmədov çıxışlarında dahi şəxsiyyət Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, ölkə rəhbəri İlham Əliyevin başçılığı ilə Azərbaycanda gedən böyük abadlıq-quruculuq işlərindən, sosial-iqtisadi inkişafdan, oktyabrda keçiriləcək prezident seçkilərinə hazırlıq prosesindən, bu işdə YAP-ın fəal iştirakından və əsas rolundan danışmışlar.
Sonra Yeni Azərbaycan Partiyasının IV qurultayına nümayəndələr seçilmişdir. Konfrans iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunmuşdur.