SİYASƏT
YAP ŞƏKİ TƏŞKİLATININ KONFRANSI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, iyunun 12-də Şəkidə Yeni Azərbaycan Partiyasının IV qurultayına hazırlıqla bağlı YAP Şəki təşkilatının konfransı keçirilmişdir.
Gündəliyə təşkilatın əvvəlki konfransından keçən dövr ərzindəki fəaliyyət və partiyanın IV qurultayına nümayəndələrin seçilməsinə dair məsələlər daxil edilmişdir.
Konfransda YAP Şəki təşkilatının sədri Həsən Həsənovun təşkilatın ötən dövr ərzindəki fəaliyyəti və partiyanın III qurultayının qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsi sahəsində görülən işlər barədə məruzəsi dinlənilmişdir. Məruzədə qeyd olunmuşdur ki, öz ətrafında cəmiyyətin ən intellektual təbəqələrini, ulu öndər Heydər Əliyev ideyalarına sadiq insanları birləşdirən Yeni Azərbaycan Partiyasının fəal tərkib hissəsi olan Şəki təşkilatı artıq 15 ildən çoxdur ki, uğurla fəaliyyət göstərir. 1993-cü ilin martında təsis edilmiş təşkilatın hazırda 8004 üzvü vardır. Partiya üzvlərinin 3680 nəfərini və ya 46 faizini qadınlar, 2330 nəfərini və ya 29,1 faizini gənclər təşkil edir.
Məruzəçi iqtidar partiyası olan Yeni Azərbaycan Partiyasının qazandığı uğurlarda partiyanın sədri, ümummilli liderimiz Heydər Əliyev siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin xidmətlərini xüsusi qeyd etmiş, 2008-ci ilin payızında keçiriləcək növbəti prezident seçkilərində şəkililərin yekdilliklə ona səs verəcəklərinə ümidvar olduğunu bildirmişdir.
Konfransda YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Yaqub Mahmudov, Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədri Hadi Rəcəbli, Milli Məclisin deputatı Məjlum Şükürov və digər natiqlər çıxış edərək, Yeni Azərbaycan Partiyasının ölkəmizin ən nüfuzlu siyasi qüvvəsinə çevrilməsində onun yaradıcısı, ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətlərini bir daha önə çəkmiş, ulu öndərin siyasi xəttinin, ideyalarının bu gün partiyanın sədri, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini xüsusi vurğulamışlar.
Konfransda Yeni Azərbaycan Partiyasının IV qurultayına 9 nümayəndə seçilmişdir.
Konfransın sonunda YAP sıralarına yeni qəbul olunmuş üzvlərə vəsiqələr təqdim edilmişdir.
######