YAPONİYA AZƏRBAYCANIN ƏDALƏTLİ MÖVQEYİNİ HƏMİŞƏ DƏSTƏKLƏYİB VƏ BU SİYASƏT DƏYİŞMƏZ OLARAQ QALACAQDIR
Xarici İşlər Nazirliyinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, qonaqları səmimi salamlayan nazir Elmar Məmmədyarov Azərbaycan-Yaponiya münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini vurğulayaraq, ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsinə və qarşılıqlı surətdə faydalı əməkdaşlığın davam etdirilməsinə tərəfdar olduğunu bildirmişdir. O, ölkələrimiz arasında möhkəm əlaqələrin yaranmasında ümummilli liderimiz Heydər Əliyevin müstəsna xidmətlərini xüsusi vurğulamışdır.
Ermənistanın Azərbaycana təcavüzü nəticəsində ölkəmizin 20 faiz ərazisinin işğal olunduğunu və bir milyona yaxın qaçqın və məcburi köçkünün doğma torpaqlarından didərgin düşdüyünü qeyd edən nazir, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Praqada keçirilmiş son görüşü barədə qonaqlara məlumat vermişdir.
Azərbaycan tərəfinin mövqeyini qonaqların diqqətinə çatdıran nazir, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll olunmasının vacibliyini qeyd etmiş, dövlətimizin mövqeyini dəstəklədiyinə görə Yaponiya hökumətinə minnətdarlığını bildirmişdir.
Görüşdə nazir Azərbaycanın Yaponiyada səfirliyinin açılması ilə bağlı Milli Məclis tərəfindən ötən il qərar qəbul edildiyini və bu məsələnin cari ilin sonunadək həll olunacağına əminliyini diqqətə çatdırmışdır. Azərbaycan ilə Yaponiya arasında geniş iqtisadi potensialın mövcudluğunu qeyd edən nazir, bu istiqamətdə ikitərəfli iqtisadi əlaqələrin genişlənəcəyinə ümidvar olduğunu söyləmişdir.
Nazir istər dövlət səviyyəsində, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan qaçqınlarına göstərdiyi humanitar yardıma görə, Yaponiya hökumətinə təşəkkürünü ifadə etmişdir. Gənc diplomatlarımızın Yaponiyada təhsil almasını yüksək qiymətləndirən nazir, bu ənənənin davam etdiriləcəyinə əminliyini diqqətə çatdırmışdır.
Yaponiya-Azərbaycan parlamentlərarası dostluq liqasının sədri Akira Amari ölkəsinin respublikamız ilə əlaqələrin inkişaf etdirilməsinə önəm verdiyini, bu əlaqələrin daha da genişlənəcəyinə və qarşılıqlı əməkdaşlığın bir çox sahələrdə davam etdiriləcəyinə inandığını bildirmişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan qonaq, Yaponiya tərəfinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini qeyd edərək, ölkəsinin bu problemin sülh yolu ilə həllinə hazır olduğunu söyləmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər də müzakirə edilmişdir.