YAPONİYA AZƏRBAYCANIN ƏRAZİ BÜTÖVLÜYÜNÜ HƏMİŞƏ DƏSTƏKLƏMİŞDİR VƏ GƏLƏCƏKDƏ DƏ BU SİYASƏTİ DAVAM ETDİRƏCƏKDİR
Milli Məclisin sədri M.Ələsgərov ölkələrimizin parlamentlərarası dostluq qruplarının qarşılıqlı səfərlərinin əhəmiyyətini yüksək qiymətləndirərək dedi ki, belə görüşlər bütün sahələrdə sıx əməkdaşlıq yaranmasına kömək edir.
O bildirdi ki, hazırda Yaponiya Azərbaycanda 60-dan çox layihənin həyata keçirilməsində iştirak edir. Bu ölkə ağır şəraitdə yaşayan qaçqın və köçkünlərimizə daim yardım etmiş və bu gün də kömək göstərməkdə davam edir.
Ölkələrimiz arasında iqtisadi əməkdaşlıq sahəsində çox ciddi irəliləyiş olduğu bildirildi. Qeyd olundu ki, hələ 30 il bundan əvvəl yapon mütəxəssislərin bilavasitə iştirakı ilə respublikamızın paytaxtında Bakı məişət kondisionerləri zavodu kimi iri müəssisə tikilib istifadəyə verilmişdir. Yaponiya şirkətlərinin Azərbaycan iqtisadiyyatının, energetika müəssisələrinin inkişaf etdirilməsində, müasir texnologiyaların tətbiq olunmasında müstəsna rolu vardır. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin tikintisində, dəniz neft yataqlarının mənimsənilməsində də Yaponiya şirkətləri öncül rola malikdir.
Parlamentin sədri M.Ələsgərov Azərbaycanın ədalətli mübarizəsini dəstəklədiyinə görə Yaponiya hökumətinə minnətdarlığını bildirərək dedi ki, biz bir qarış torpağımızı da düşmənə verməyəcəyik.
Yaponiya-Azərbaycan parlamentlərarası dostluq liqasının sədri Akira Amari dedi ki, başçılıq etdiyi dostluq qrupu Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1998-ci ildə Yaponiyada rəsmi səfərdə olarkən yaradılmışdı. Bizim məqsədimiz ölkələrimiz arasında əməkdaşlığın daha inkişafına kömək etməkdir. Yaponiya Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləmişdir və gələcəkdə də bu siyasəti davam etdirəcəkdir.
Qonaq onu da bildirdi ki, Azərbaycan təbii sərvətlərlə zəngin ölkədir. Yaponiyada isə yerli mineral ehtiyatlar azdır. Azərbaycan Yaponiyanın mənsub olduğu yüksək texnologiyalardan faydalana bilər. Yaponiya bu sahədə Azərbaycana hər cür kömək etməyə hazırdır.
A.Amari Murtuz Ələsgərovu Yaponiyaya rəsmi səfərə dəvət etdi.
Görüşdə Yaponiyanın Bakıdakı səfiri Toşiyuki Fucivara iştirak etmişdir.