YAPONİYA DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN DÖVLƏTLƏRİN ƏRAZİ BÜTÖVLÜYÜ ÇƏRÇİVƏSİNDƏ HƏLLİNƏ TƏRƏFDARDIR
AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədri Murtuz Ələsgərov yanvarın 14-də parlamentdəki Heydər Əliyev zalında ölkəmizdə səfərdə olan Yaponiya xarisi işlər nazirinin birinci müavini İçiro Aisavanı qəbul etmişdir.
Milli Məclisin sədri dedi ki, Azərbaycanla Yaponiya arasında əlaqələr yüksələn xətt üzrə inkişaf edir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1998-ci ildə Yaponiyaya səfəri zamanı imzalanmış müqavilələr münasibətlərimizin inkişafında yeni mərhələ açmışdır. Yaponiyanın ölkəmizə marağı artmış, dostluq əlaqələrimiz daha da möhkəmlənməyə başlamışdır. Ümid edirik ki, sizin səfəriniz münasibətlərimizin daha da genişlənməsinə səbəb olacaqdır. Yapon iş adamları Azərbaycan iqtisadiyyatına sərmayə qoyur, regionda həyata keçirilən irimiqyaslı layihələrdə iştirak edirlər.
Murtuz Ələsgərov parlamentlərarası əlaqələrimizi də yüksək qiymətləndirdi və beynəlxalq təşkilatlarda parlamentarilərimizin bəzi məsələlərdə eyni mövqedən çıxış etmələrinin əhəmiyyətini vurğuladı.
Sonra Milli Məclisin sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, qaçqın və məcburi köçkün problemi, ölkəmizin münaqişənin həlli ilə bağlı ədalətli mövqeyi barədə ətraflı məlumat verərək dedi ki, bir sıra nüfuzlu beynəlxalq təşkilatlar torpaqlarımızın işğal faktını təsdiqləmiş və zəbt etdiyi ərazilərin azad olunmasını Ermənistandan tələb etmişlər. Ermənistan isə öz ışğalçı siyasətindən hələ də əl çəkməmişdir. Milli Məclisin sədri münaqişə ilə bağlı nümayiş etdirdiyi mövqeyə görə Yaponiya dövlətinə və xalqına minnətdarlığını bildirdi.
Səmimi qəbul və ətraflı məlumat üçün minnətdarlıq edən İçiro Aisava dedi ki, Yaponiya Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır. Onun ölkəsinin iş adamları Azərbaycanın energetika sahəsi ilə yanaşı, digər sahələrə də sərmayə qoymaq niyyətindədirlər. Yaponiya da sülhsevər ölkədir və Azərbaycanın mövqeyini həmişə dəstəkləyir. Hesab edirik ki, Dağlıq Qarabağ münaqişəsi dövlətlərin ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüquq normaları əsasında, danışıqlar yolu ilə həll olunmalıdır. Biz əhalinin səkkizdə bir hissəsinin qaçqın və məcburi köçkün olmasının ağırlığını da başa düşürük. Yaponiya bu sahədə də Azərbaycana öz yardımlarını davam etdirəcəkdir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.