Yaponiya hökuməti ABŞ rüsumlarının mənfi nəticələrinin yumşaldılması üçün təcili iqtisadi tədbirlər paketi hazırlayır
Bakı, 25 aprel, AZƏRTAC
Yaponiya Baş naziri Siqeru İsiba cümə günü bəyan edib ki, hökumət ABŞ tərəfindən idxala tətbiq olunan yeni rüsumların sənaye və ev təsərrüfatına mümkün təsirini azaltmaq məqsədilə təcili iqtisadi tədbirlər paketi hazırlayıb.
AZƏRTAC xəbər verir ki, hökumət sənədində qeyd edildiyinə görə, paketə korporativ maliyyələşmənin dəstəklənməsi, benzinin qiymətinin litr üçün 10 yen (0,07 ABŞ dolları) endirilməsi və iyul ayından etibarən üç ay müddətinə elektrik enerjisi hesablarının bir hissəsinin ödənilməsi üçün subsidiyalar daxildir.
“Reuters” agentliyi bildirir ki, iqtisadi dəyişikliklərə qarşı daha həssas olan kiçik və orta müəssisələrə yardım məqsədilə bir çox şirkətlərə dövlət dəstəyi ilə fəaliyyət göstərən banklar tərəfindən aşağı faizli kreditlərin əldə edilməsi hüququ veriləcək.
Baş nazirin sözlərinə görə, bu rüsumlar avtomobil və polad istehsalı sənayeləri kimi iqtisadiyyatı dəstəkləyən sahələrə ciddi təsir göstərə bilər.
ABŞ Prezidenti Donald Tramp aprelin 2-də minik və yük avtomobillərinin idxalına 25 faiz rüsum tətbiq edib. O, həmçinin bütün Yaponiya mallarına 24 faiz tarif elan edib, lakin daha sonra bu tarifi 90 gün müddətinə 10 faizə endirib.
Yaponiyanın ticarət danışıqlarında nümayəndəsi və iqtisadiyyat naziri Ryosey Akazava gələn həftə danışıqların ikinci raundu üçün Vaşinqtona səfər edəcək.
“Nikkei” qəzetinin cümə axşamı verdiyi məlumata görə, Yaponiya danışıqlar çərçivəsində ABŞ-dan soya və düyü idxalını artırmaq imkanını nəzərdən keçirir.