DÜNYA
Yaponiya paytaxtına tufan nəticəsində dəyən zərər aydınlaşdırılır
Tokio, 9 sentyabr, AZƏRTAC
Tokio sakinləri regiona leysan yağışlar və güclü külək gətirmiş “Faksay” tufanının paytaxta vurduğu zərəri aydınlaşdırmağa çalışırlar.
AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, tufan nəticəsində iki nəfər həlak olub, 58 nəfər müxtəlif xəsarətlər alıb və 100 minədək ev təsərrüfatı elektrik enerjisiz qalıb.
Bir sıra rayonlarda küləyin surəti rekord həddə çatıb. Çiba şəhərində küləyin sürətinin saatda 200 kilometri keçdiyi bildirilir.
Dağlıq ərazidə Çiba prefekturasının rayonlarını elektrik enerjisi ilə təchiz edən iki elektrik dirəyi aşıb.
Tufan, eyni zamanda, dəmir yolu nəqliyyatından istifadə edən bir neçə milyon insanın, o cümlədən turistlərin hərəkətində ciddi problemlər yaradıb. Qatarların, həmçinin sürətli “Şinkansen” superekspresslərinin ölkənin digər rayonlarına hərəkəti dayanıb. Hazırda dəmiryolu xəttində hərəkət normal vəziyyətinə qayıdır.
Bununla yanaşı, 160-dan çox daxili aviareys təxirə salınıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio