SİYASƏT
Yaponiya və Azərbaycan arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Tokio, 22 iyul, AZƏRTAC
Azərbaycanın Yaponiyadakı səfirliyinin təşəbbüsü ilə səfir Gürsel İsmayılzadə Yaponiya parlamentinin müşavirlər palatasının üzvü, palatanın mədəniyyət və etika komitəsinin sədri, iqtidarda olan Liberal Demokratik Partiyasının üzvü Hiroşiqe Seko ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, söhbət zamanı Azərbaycanda və Yaponiyada COVID-19 koronavirus epidemiyasına qarşı həyat keçirilən tədbirlər haqqında qarşılıqlı məlumatlar verilib, Azərbaycan - Yaponiya münasibətlərinin inkişafı, əməkdaşlığımızın bir sıra istiqamətlər üzrə perspektivləri istiqamətində müzakirələr aparılıb. Hər iki tərəf enerji sahəsində yüksək səviyyəli əməkdaşlığın qurulmasını qeyd edərək, digər sahələrdə, o cümlədən kənd təsərrüfatı, turizm, idman, yüksək texnologiyalar, nəqliyyat sahələrində də əməkdaşlıq üçün yaxşı potensialın mövcudluğunu vurğulayıb.
Görüş zamanı G.İsmayılzadə cari il iyulun 12-dən başlayaraq, Ermənistan silahlı qüvvələrinin Azərbaycan - Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində hərbi təxribatı haqqında qarşı tərəfə geniş məlumat verib.
Bununla yanaşı, “Tokio 2020” Yay Olimpiya və Paralimpiya Oyunlarının təxirə salınması ilə bağlı müzakirələr aparılıb. G.İsmayılzadə koronavirus pandemiyasının yayılması ilə bağlı Oyunların təxirə salınmasına təəssüf hissi ilə yanaşdığını bildirib və bu cür möhtəşəm idman yarışının 2021-ci ildə baş tutacağına ümidvar olduğunu deyib.
H.Seko, öz növbəsində, qeyd edib ki, Tokio Olimpiya və Paralimpiya Oyunlarının 2021-ci ildə keçiriləcəyi haqqında rəsmi bəyanatın verilməsinə baxmayaraq, bununla bağlı son qərar 2021-ci ilin fevral və ya mart ayında veriləcək. Bu da, bilavasitə yalnız Yaponiyada deyil, bütün dünyada pandemiyanın qarşısının alınması ilə bağlı vəziyyətdən asılı olacaq.
Xatırladaq ki, Hiroşiqo Seko 2016 - 2019-cu illərdə Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye naziri olub.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio