YAPONİYA XARİCİ İŞLƏR NAZİRİNİN BİRİNCİ MÜAVİNİNİN MƏTBUAT KONFRANSI
Fevralın 24-də Yaponiya səfirliyində bu ölkənin respublikamızda rəsmi səfərdə olan xarici işlər nazirinin birinci müavini Tetsuro Yanonun mətbuat konfransı keçirilmişdir.
Yaponiya diplomatı dedi ki, səfərin cəmi bir gün olmasına baxmayaraq, böyük iş görülmüşdür. Parlamentin, hökumətin, bir sıra nazirliklərin rəhbərliyi ilə görüşlər olmuşdur. Təhsil Nazirliyində “Mədəniyyət sahəsində qrantlar haqqında” notaların mübadiləsi və səhiyyə sahəsində əməkdaşlığa dair memorandumun imzalanması mərasimi keçirilmişdir. Bakı Dövlət Universitetində 20 tələbənin yapon dilini və mədəniyyətini öyrəndiyi dərnək üçün avadanlıq verilmişdir.
Cənab Yano ölkələrimiz arasında münasibətləri yüksək qiymətləndirərək vurğuladı ki, Azərbaycan Prezidenti Heydər Əliyevin 1998-ci ildə Yaponiyaya rəsmi səfəri bu münasibətlərin inkişafına güclü təkan vermişdir. O, Yaponiya ilə Azərbaycan arasında əməkdaşlığın genişlənməsindən söz açaraq, Böyük İpək yolunun bərpasına dair TRASEKA kimi qlobal layihənin həyata keçirilməsində ölkəmizin mühüm rol oynadığını xüsusi nəzərə çarpdırdı. O, ölkələrimizin beynəlxalq təşkilatlarda fəal əməkdaşlığını qeyd edərək, yaponiyalı nümayəndənin Beynəlxalq Məhkəmənin hakimi vəzifəsinə namizədliyi səsə qoyularkən onu dəstəklədiyinə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirdi.
Mətbuat konfransında Yaponiyanın Azərbaycandakı səfiri Toşiyuki Fucivara iştirak edirdi.