YAPONİYADA 70 NƏFƏR SOYUQ HAVANIN QURBANI OLMUŞDUR
Yaponlar ölkədə artıq təbii fəlakətə çevrilmiş qarın öhdəsindən təkbaşına gələ bilmirlər. Niiqata və Naqano prefekturalarına ordu hissələri göndərilmişdir. Bellə silahlanmış əsgərlər 4 metr hündürlüyə çatmış qar örtüyünü təmizləyirlər.
Evlərin damlarında çoxlu qar yığılması böyük təhlükə törədir. Binalar bu ağırlığa tab gətirmir və artıq damların uçması halları qeydə alınmışdır. Mərkəzi istilik sistemi olmayan Yaponiyada 70 adam soyuğun və qar uçqunlarının qurbanı olmuş, 1000-dən çox sakin xəstəxanaya qoyulmuşdur.
Avtomobil yollarını qar örtmüşdür, belə havada sürət qatarlarından istifadə etmək isə təhlükəlidir. Təyyarələr havaya qalxa bilmir. Sinoptiklərin məlumatına görə, yaxın günlərdə daha güclü qar yağacağı gözlənilir.
Hindistanın paytaxtı Nyu-Dehlidə yanvarın 8-də havanın temperaturu mənfi 2 dərəcəyə enmişdir. Bu, 70 il ərzində ölkədə ən soyuq gün olmuşdur. Ölkənin şimalında soyuq hava şəraiti 100-dən çox adamın ölümünə səbəb olmuşdur. Yerli sakinlərdən biri demişdir ki, donmasınlar deyə, bütün gecəni uşaqları yatmağa qomamışlar. Yeganə istilik mənbəyi olan ocaqların sönməməsi üçün parklardan zir-zibil və quru yarpaq yığırlar.
Çinin şimalında havanın temperaturu mənfi 40 dərəcəyə enmişdir. Çinlilər üçün Xuanxe çayı təbii termometrdir. Bu il çay vaxtından əvvəl buzla örtülmüşdür.