Yaponiyanın “International Artists Centre” aylıq bülletenində Azərbaycanın bu ölkədəki səfirinin müsahibəsi dərc edilmişdir
Tokio, 12 iyun (AZƏRTAC). Yaponiyanın “International Artists Centre” (Beynəlxalq İncəsənət Mərkəzi) təşkilatının aylıq bülletenində Azərbaycanın ölkədəki səfiri Gürsel İsmayılzadənin müsahibəsi dərc edilmişdir.
Qeyri-kommersiya təşkilatı olan “International Artists Centre” 1960-cı ildə yaradılmışdır və məqsədi beynəlxalq müstəvidə mədəniyyət mübadiləsinə, qarşılıqlı anlaşmaya və dünyada sülhün təmin olunmasına töhfə verilməkdir. Bu məqsədlə təşkilat Yaponiyada akkreditə olunmuş diplomatik nümayəndəliklərlə əməkdaşlığa xüsusi diqqət yetirir.
Müsahibədə Azərbaycanın coğrafi mövqeyi, əhalisi, tarixi, son illərdə ölkəmizin sosial-iqtisadi inkişafı, zəngin təbii ehtiyatları, neft hasilatı tarixi haqqında məlumat verilmişdir. Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən və 1991-ci ildə Azərbaycan Respublikasının öz müstəqilliyini bərpa etməsindən söhbət açılmış, ölkəmizin son illər əldə etdiyi böyük uğurlar barədə məlumatlar öz əksini tapmışdır.
Müsahibədə Bakıda anadan olmuş tanınmış musiqiçi, violonçel ifaçısı və dirijor, ictimai xadim Mstislav Rostropoviç və məşhur kəşfiyyatçı, Sovet İttifaqı Qəhrəmanı Rixard Zorge haqqında məlumatlara da yer verilmişdir.
Ölkəmizin mədəniyyət və incəsənət nümunələri, Azərbaycanda istehsal olunan şərab məhsulları haqqında məlumatlar da müsahibədə öz əksini tapmışdır.
Yapon və ingilis dillərində dərc edilmiş müsahibəni
www.d1.dion.ne.jp/~iactokyo/furyu/furyu_28.pdf , www.d1.dion.ne.jp/~iactokyo/furyu/furyu_28_english.pdf internet ünvanlarında oxumaq olar.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio