Yaponiyaya səyahət edən turistlərin sayı koronavirusa görə kəskin azalıb
Tokio, 17 iyun, AZƏRTAC
Yaponiya hökumətinin iyunun 17-də dərc etdiyi hesabata görə, mayda bu ölkəyə cəmi 1700 nəfər turist gəlib. Bu, koronavirus pandemiyası fonunda əcnəbi turistlərin sayının iki ay ardıcıl şəkildə maksimum azalması deməkdir.
AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, Yaponiya Turizm Agentliyinin məlumatına görə, həmin göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 99,9 faiz azalıb. Eyni zamanda, bu, hökumətin həmin statistikanı toplamağa başladığı 1964-cü ildən bəri ən aşağı göstəricidir.
İlkin məlumatlara görə, bütün dünyada koronavirusun yayılması fonunda səfərlərə məhdudiyyətlərin tətbiq olunması nəticəsində həmin göstərici səkkiz aydır ki, azalmaqda davam edir.
Yaponiya Nazirlər Kabineti ölkəyə gəlişlə əlaqədar məhdudiyyətləri yumşaltmağa və daxili turizmin stimullaşdırılması məqsədilə subsidiyaların ayrılmasına çalışır.
Yaponiya Turizm Agentliyinin rəhbəri Hiroşi Tabata mətbuat konfransında bildirib ki, hökumət hazırda səyahətlərin təhlükəsizliyi ilə bağlı addımlar atmaqla daxili turizmi və yerli iqtisadiyyatı canlandırmaq istiqamətində tədbirlər görür.
Hökumət hazırda dünyanın 111 ölkəsindən və ərazi vahidindən Yaponiyaya gəlişə qadağa tətbiq edib. Bununla yanaşı, koronavirus pandemiyasının daha az yayıldığı ölkələrlə qarşılıqlı səfərlərin bərpası ilə bağlı iş aparılır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio