YAPONLAR AZƏRBAYCANIN ELEKTROENERGETİKA SEKTORUNUN REAL VƏZİYYƏTİNİ ÖYRƏNİRLƏR
“Azərenerji”nin prezidenti bildirmişdir ki, ölkənin, xüsusən də, Abşeron yarımadasının iqtisadiyyatı intensiv inkişaf edir. Yeni istehsal obyektlərinin yaradılması həm müəssisələrin, həm də əhalinin elektrik enerjisi ilə etibarlı təchiz olunmasını tələb edir. Bu məqsədlə Sumqayıtda və Bakıda iki müasir blokun tikintisi nəzərdə tutulmuşdur. Blokların tikintisi Azərbaycan Prezidentinin bilavasitə nəzarəti altındadır.
Yaponiya nümayəndə heyətinin rəhbəri demişdir ki, onun təmsil etdiyi şirkət Azərbaycanın energetika sektorunun tədqiqi layihəsinin məsləhətçisi təyin olunmuşdur. Bu tədqiqatı Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Bankı (JBİC) həyata keçirir. Yaponiya nümayəndəsinin sözlərinə görə, əsas vəzifə elektrik enerjisi istehsalından tutmuş onun nəql edilməsi və konkret istehlakçıya çatdırılmasına, habelə təcili sərmayəyə ehtiyacı olan sektorun müəyyənləşdirilməsinə qədər Azərbaycanın energetika sisteminin real vəziyyətinin geniş spektrıni əks etdirməkdir. Bu, JBİC üçün gələcək əməkdaşlığın perspektivlərini müəyyənləşdirməyə imkan verəcəkdir.
Nümayəndə heyəti Azərbaycanda bir ay olacaqdır. Bu müddət ərzində Yaponiya mütəxəssisləri müstəqil işləyərək, digər idarələrin, “Barmek” və “Bayva” bölüşdürücü şirkətlərinin ekspertləri ilə görüşəcək, energetika sahəsinin bütün obyektlərinə baş çəkəcəklər. “Azərenerji” bunun üçün əlverişli şərait yaratmış və lazımi məlumat bazası təqdim etmişdir.
Yaponiya ekspertləri tədqiqatların nəticələrinə əsasən yekun hesabatı hazırlayaraq və bu, JBİS-ə və “Azərenerji”yə təqdim olunacaqdır.