YARIŞDA QƏLƏBƏ QAZANMIŞ BOKSÇULARLA GÖRÜŞ KEÇİRİLMİŞDİR
Azərbaycan Peşəkar Boks Federasiyasının prezidenti, məşqçi Zahid Əliyev ölkəmizdə bu idman növünün getdikcə inkişaf etməsindən, boksçularımızın qazandıqları uğurlardan, onların dünya reytinq cədvəlindəki mövqelərindən danışmışdır. Boksçular döyüş təəssüratlarını KİV nümayəndələri ilə bölüşmüşlər.
Titul uğrunda Azad Əzizov Venesuela boksçusu Pedro Verdu ilə döyüşmüşdür. Həmyerlimiz 9-cu raundda rəqibini nakaut vəziyyətinə salaraq, döyüşü udmuş və “Trans İnterkontinental” dünya kəmərinə sahib olmuşdur. Bununla da o, dünya reytinq cədvəlində 30 ən güclü boksçu sırasında yer almışdır. Azad Əzizov bugünədək keçirdiyi 12 peşəkar döyüşdən 9-da qalib gəlmiş, birini heç-heçə ilə başa vurmuş, ikisini isə uduzmuşdur.
Digər boksçumuz Əli İsmayılov isə reytinq uğrunda əslən azərbaycanlı olan və Rusiyada yaşayan Rauf Babayevlə döyüşmüşdür. Ə.İsmayılov 4-cü raundda rəqibini texniki nakautla məğlub etmişdir. O, keçirdiyi 6 peşəkar döyüşdən 4-nü qələbə, birini heç-heçə ilə başa vurmuş, birində isə məğlub olmuşdur.
Əli İsmayılov iyunun sonlarında Rusiyanın Kazan şəhərində keçirəcəyi 7-ci döyüşdən sonra “Trans İterkontinental” dünya kəməri uğrunda mübarizə aparmaq imkanı əldə edə bilər.
Federasiyanın prezidenti ölkəmizdə bu idman növünü daha da inkişaf etdirmək və mötəbər arenalarda Azərbaycanın idman şərəfini yüksəklərə qaldırmaq üçün əslən azərbaycanlı olan və hazırda Rusiya, Almaniya, ABŞ, Ukrayna və Polşada yaşayaraq, beynəlxalq yarışlarda həmin ölkələrin bayrağı altında çıxış edən məşhur boksçularımızın gələcəkdə respublikamıza gətirilməsi üçün iş aparılacağını qeyd etmişdir.