Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Ağdam rayonu haqqında videoçarx təqdim edib
Bakı, 23 iyul, AZƏRTAC
Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Azərbaycan xalqının qan yaddaşına həkk olunmuş Dağlıq Qarabağın Ağdam rayonu ilə bağlı videoçarx hazırlayıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, “Ağdamsız - 27 il” adlı videoçarx 1993-cü il iyulun 23-də Ermənistan tərəfindən işğal edilən Ağdam rayonuna həsr olunub.
Videoçarxda 1993-cü ilin iyul ayında baş verən hadisələr, erməni vəhşiliyi nəticəsində həlak olanların sayı, dağıdılaraq məhv edilmiş Cümə məscidi və Ağdam Çörək Muzeyi haqqında məlumatlar əks olunur.
Ağdam rayonuna məxsus xəritə, Cümə məscidi, Ağdam Çörək Muzeyi, Firudin bəy Aslanbəyovun evi, Alban abidəsi və rayonun xarabalığa çevrilmiş binaları, evləri videoçarxda fotoların müşayiəti ilə nümayiş olunur.
Kitabxananın əməkdaşı Gülnar Allahverdiyeva Arzu Nurinin “Ağdam, qəm çağım” və Rəfiqə Abbasovanın “Dərdimiz bir ildə böyüdü” adlı şeirlərini videoçarxda səsləndirib.
İşğal olunmuş torpaqlarımıza həsr edilən videoçarxların hazırlanması davam etdiriləcək.