Yasamal rayonunda ictimai iaşə müəssisəsinin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb
Bakı, 24 oktyabr, AZƏRTAC
Yasamal rayonunda antisanitar şəraitdə fəaliyyət göstərən ictimai iaşə müəssisəsi müəyyən olunub.
Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, agentliyin əməkdaşları daxil olan məlumat əsasında Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 31 ünvanında fəaliyyət göstərən “İmpeks-Musa” MMC-yə məxsus “Şah İnn” restoranında plandankənar yoxlama keçiriblər. Baxış zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu məlum olub. Aşkar olunmuş faktla bağlı müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.
Agentlik əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı alınacaq.