Yasamal rayonunda narkomaniya ilə bağlı maarifləndirici tədbir keçirilib
Bakı, 16 yanvar, AZƏRTAC
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.7-ci yarımbəndinə əsasən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Yasamal rayonu 53 nömrəli tam orta məktəbdə valideynlər üçün maarifləndirici tədbir təşkil olunub.
Bu barədə AZƏRTAC-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan məlumat verilib.
Bildirilib ki, tədbirdə Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Komissiyasının sədri, Baş Narkotiklərlə Mübarizə İdarəsinin, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və Bakı Şəhər Narkoloji Mərkəzinin nümayəndələri çıxış edərək narkotik asılılığı problemində ailələrin rolu, valideyn məsuliyyəti və bu sahə üzrə məlumatlılığın artırılmasının əhəmiyyəti, habelə narkotik vasitələrin və psixotrop maddələrin insan sağlamlığına mənfi təsirləri və yaratdığı ağır fəsadlar barədə ətraflı məlumat veriblər.
Görüş zamanı mövzu ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Sonda İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça, həmçinin “Rəqəmsal mühitdə gizli narkotik riskləri”, “Valideynlər üçün tövsiyə”, “Yeniyetmələr və gənclər üçün” “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı yeni maarifləndirici materiallar iştirakçılara paylanılıb.