CƏMİYYƏT
Yaxın gələcəkdə antibiotikləri aptekdən reseptsiz almaq mümkün olmayacaq
![Yaxın gələcəkdə antibiotikləri aptekdən reseptsiz almaq mümkün olmayacaq](/files/2023/3/1200x630/17006571061876949790_1200x630.jpg)
Bakı, 22 noyabr, AZƏRTAC
“Yaxın gələcəkdə Azərbaycanda elektron resept sisteminə keçdikdən sonra apteklərdən antibiotikləri reseptsiz almaq mümkün olmayacaq”.
AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və Sanitariya-Epidemioloji Nəzarəti Şöbəsinin müdiri Nəzifə Mürsəlova Ümumdünya Antimikrob Preparatlardan Düzgün İstifadəyə dair Maarifləndirmə Həftəsi çərçivəsində keçirilən milli konfransda çıxışında bildirib.
O xatırladıb ki, qanunvericilikdə antibiotiklər reseptlə satılan dərmanlar sırasına daxil edilib.
Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən, Səhiyyə Nazirliyinə bu ilin sonunadək elektron resept sisteminin tətbiqi tapşırılıb. E-Resept sistemi Azərbaycanın tibb müəssisələrində vətəndaşlara verilən reseptlərin elektron qeydiyyatını nəzərdə tutur. Bu, reseptlərin oxunaqlığını və ya səhv şərhini aradan qaldıracaq, əvvəllər təyin edilmiş dərmanların tarixini görməyə, dərmanlar arasında arzuolunmaz uyğunsuzluğun qarşısını almağa, dəqiq dozaları göstərməyə, habelə Xəstəliklərin Beynəlxalq Təsnifatına əsaslanan diaqnozlara uyğunlaşmağa imkan verəcək.