MƏDƏNİYYƏT
“Yaxşı kitab müəllifin bəşəriyyətə hədiyyəsidir” adlı tədbir təşkil edilib
Bakı, 20 aprel, AZƏRTAC
Aprelin 20-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasının əməkdaşları 23 Aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü ilə əlaqədar 245 nömrəli tam orta məktəbdə “Yaxşı kitab müəllifin bəşəriyyətə hədiyyəsidir” adlı tədbir təşkil ediblər.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbir həmin məktəbin 4-cü sinif şagirdləri arasında keçirilib.
Tədbiri giriş sözü ilə açan Xətai rayon MKS-in Uşaq şöbəsinin müdiri Təranə Quliyeva Ümumdünya Kitab Gününün əhəmiyyətindən danışıb. Bildirib ki, 1996-cı ilin 23 aprelindən qeyd olunan bu bayram maarifçilik və mədəni ənənələrin inkişafı, kitabların həyatımızdakı önəmini vurğulamaq məqsədi daşıyır. 23 aprel tarixinin seçilməsi isə həmin günün məşhur bir çox yazıçıların doğum və vəfat tarixi ilə bağlıdır.
Qeyd edilib ki, Ümumdünya Kitab və Müəllif Hüquqları Günü təsis edilərkən müxtəlif ölkə və təşkilatların təcrübəsi nəzərə alınıb. Məsələn, İspaniyada hələ 1926-cı ildə kral XIII Alfons İspan kitab gününün keçirilməsi ilə bağlı qərar imzalayıb və hələ o zaman bu məqsədlə Migel De Servantesin vəfat tarixi - 23 aprel günü seçilib.
Daha sonra kitabxananın digər əməkdaşları da söz alaraq kitabın yaranması tarixindən, kitabın insan həyatındakı rolundan, kitabxananın fonduna daxil olan yeni kitablar haqqında geniş məlumat veriblər.
Məktəbin müəllimləri çıxış edərək bildirdilər ki, hər bir yaxşı oxucunun öz kitablı dünyası ilə bağlı saysız-hesabsız xatirəsi, arzusu var. Biz kitab deyərkən ilk növbədə bədii ədəbiyyatı nəzərdə tuturuq. İnsanın insan kimi formalaşmasında, şəxsiyyət kimi yetişməsində, müstəqil fikrə sahiblənməsində oxumaqdan artıq nəyin rolu ola bilər ki?! Kitabların həyatımızdakı rolu danılmazdır, amma fikrimizcə, onların ən böyük dəyəri bizə xəyal qurmağı öyrətməsindədir.
Sonra “Yaxşı kitab müəllifin bəşəriyyətə hədiyyəsidir” adlı sərgiyə baxış keçirilib.