“Yeni Azərbaycan” dünənin, bu günün və gələcəyin partiyasıdır
Naxçıvan, 19 noyabr (AZƏRTAC). Naxçıvan Dövlət Universitetinin (NDU) beynəlxalq münasibətlər və xarici dillər fakültəsində Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 21 illiyinə həsr olunmuş konfransı keçirilmişdir.
NDU-nun mətbuat şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, dövlət himni səsləndirildikdən sonra universitetin rektoru, professor Saleh Məhərrəmov tədbir iştirakçılarını partiyanın yaranmasının 21 illiyi münasibətilə təbrik etmişdir. Ötən 21 il ərzində YAP-ın keçdiyi şərəfli inkişaf yolundan danışan rektor demişdir ki, ağır zamanda Azərbaycan xalqı dövlətin xilası üçün ulu öndər Heydər Əliyevə üz tutmuşdur. 1992-ci il noyabrın 21-də ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə təsis edilən YAP müasir Azərbaycanın inkişafının əsasını qoymuşdur.
Bildirilmişdir ki, YAP-ın yaranması, ulu öndər Heydər Əliyevin partiyaya sədr seçilməsi insanların gələcəyə olan ümidinin möhkəmlənməsinə yol açmışdır. Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin dekanı, Naxçıvan Muxtar Respublikasının Əməkdar Müəllimi Qurban Qurbanlının “Yeni Azərbaycan Partiyası dünənin, bu günün, sabahın partiyasıdır”, tələbələrdən Heyran Babazadənin “Yeni Azərbaycan Partiyasının yaranması və fəaliyyəti”, İlkanə Qulamovanın “Yeni Azərbaycan Partiyası və gənclik” mövzularında məruzələri dinlənilmişdir. Tədbirdə video müsahibə və YAP-ın fəaliyyəti haqqında film nümayiş etdirilmişdir.