YENİ AZƏRBAYCAN PARTİYASI BƏLƏDİYYƏ SEÇKİLƏRİNƏ İNAMLA GEDİR
Yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərdə qalib gəlmək üçün layiqli namizədlərin seçilməsini vacib məsələlərdən biri kimi qiymətləndirən Əli Əhmədovun sözlərinə görə, YAP seçkilərə hazırlıq prosesinin birinci mərhələsini uğurla başa çatdırmışdır. Belə ki, partiya tərəfindən 18 min 500 nəfərin namizədliyi irəli sürülmüş və onlardan 17 min 705 nəfərin namizədliyi qeydə alınmışdır. Bundan başqa, fərdi qaydada namizədliyini verən şəxslərdən 5020 nəfərin və təşəbbüs qruplarının namizədlərindən isə 133 nəfər qeydiyyata alınmışdır. Beləliklə seçkilərdə iştirak edən YAP üzvü olan namizədlərin ümumi sayı 22 min 858 nəfərdir.
Ötən bələdiyyələrin tərkibində qadınların və gənclərin azlıq təşkil etdiklərini nəzərə çatdıran icra katibi bildirdi ki, bu boşluğu aradan qaldırmaq məqsədi ilə YAP-dan olan namizədlər arasında qadınların və gənclərin sayı artırılmışdır.
Əli Əhmədovun sözlərinə görə, seçkilərdə iştirak edəcək digər partiyalardan olan namizədlərin ümumi sayı 2 min 242 nəfərdir ki, bu da bütün namizədlərin 5,81 faizini təşkil edir.
Müxalifətdə olan partiyaların bu seçkilərdə olduqca zəif iştirak etmələri isə onların sosial bazalarının sürətlə azalması ilə bağlıdır. Bu problem onlara imkan vermir ki, yetərincə namizəd irəli sürsünlər. Onların namizədlərinin əksəriyyəti qeydə alındığı halda, bütün namizədlərin yalnız 5 faizdən azını təşkil etmişdir.
İcra katibi əminliklə dedi ki, Yeni Azərbaycan Partiyası seçkilərin növbəti mərhələsinə də inamla başlayır. Artıq partiyadan olan namizədlərin təşviqat işlərinin düzgün qurulması üçün şəhər və rayon təşkilatlarında, eləcə də ilk təşkilatlarda bütün qüvvələr səfərbər olunmuşdur. Təşviqat işlərini mütəşəkkil təşkil etmək, eləcə də, seçkilərin azad, ədalətli və şəffaf keçirilməsinə kömək göstərmək, dairə və məntəqələrdə partiyanı təmsil edən müşahidəçiləri düzgün təlimatlandırmaq məqsədi ilə İcra katibliyi tərəfindən “Bələdiyyə seçkiləri-2004” təlimat kitabçası hazırlanmışdır. Bu, seçkilərin növbəti mərhələsində yerlərdə işin fəal aparılmasını və düzgün qurulmasını təmin etmək üçün dəyərli nəzəri vəsaitdir.
Əli Əhmədov axırda jurnalistləri maraqlandıran suallara cavab vermişdir.