Yeni Azərbaycan Partiyası cəmiyyətdə aparıcı rolunu gündən-günə möhkəmləndirməkdədir
Qax, 19 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycanda ictimai-siyasi proseslərin inkişafında mühüm rol oynayan Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 29 ili tamam olur. Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizdə yaranmış ağır ictimai-siyasi durum yeni bir siyasi təşkilatın meydana gəlməsi zərurətini müəyyən etmişdir. Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Yeni Azərbaycan Partiyası bu gün öz missiyasını şərəflə, məsuliyyətlə, fədakarlıqla davam etdirir. Bu gün YAP misilsiz nailiyyətləri olan alternativsiz siyasi partiyaya çevrilib. Öz sıralarında cəmiyyətin bütün təbəqələrini əhatə edən yeddi yüz altmış mindən çox üzvü birləşdirən iqtidar partiyası ümummilli lider Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı kimi, cəmiyyətdə öz aparıcı rolunu günü-gündən möhkəmləndirməkdədir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Yeni Azərbaycan Partiyasının yaradılmasının 29-cu ildönümü münasibətilə partiyanın Qax rayon təşkilatının keçirdiyi onlayn videokonfransda səsləndirilib.
Konfransda YAP Qax rayon təşkilatı sədrinin vəzifəsini müvəqqəti icra edən Natiq Allahverdiyevin “Yeni Azərbaycan Partiyası - dövlətə və xalqa xidmət missiyası” mövzusunda məruzəsi dinlənilib. Məruzədə qələbələr partiyası olan YAP-ın yaranma tarixindən, 29 ildə keçdiyi şərəfli yoldan, qazandığı uğurlardan geniş bəhs olunub. Bildirilib ki, zəngin və şərəfli inkişaf yolu keçən Yeni Azərbaycan Partiyasının ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla tətbiq edilən əsas proqram məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulmasından, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarətdir.
Videokonfransda Qax rayon Təhsil Şöbəsinin müdiri Babək Heydərov, rayon icra hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, müharibə iştirakçısı Malik Həmzəyev, Cəlayir kənd ərazi ilk partiya təşkilatının sədri Xalid Heydərov və başqaları çıxış edərək, öz sıralarında 760 mindən çox partiya üzvünü birləşdirən Yeni Azərbaycan Partiyasının Azərbaycanın xoşbəxt gələcəyi naminə fədakar fəaliyyətindən, seçkilərdəki qələbələrindən, beynəlxalq əlaqələrindən, həmçinin Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin tarixi əhəmiyyətindən ətraflı bəhs ediblər.
Videokonfransda çıxış edən Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev bildirib ki, bu gün YAP Azərbaycan Prezidenti, partiyanın sədri İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində regionda analoqu olmayan ümumxalq partiyasına çevrilib. “Müasir və müstəqil Azərbaycanın uğurlarının əsası ulu öndər Heydər Əliyevin hakimiyyəti illərində, YAP-ın fəaliyyəti ilə qoyulub. Bu gün Azərbaycan regionda söz sahibi olan əzəmətli dövlətə çevrilib. Biz bu gün Yeni Azərbaycan Partiyasının yaranmasının 29-cu ildönümünü tarixi torpaqlarımızın işğaldan azad olunmasının qüruru ilə qeyd edirik. Əminik ki, möhkəm təməl üzərində qurulan Yeni Azərbaycan Partiyasının uğurları davamlı olacaq”,- deyə Musa Şəkiliyev vurğulayıb.