REGİONLAR
Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi partiyasına çevrilib
Daşkəsən, 18 noyabr, Elcan Məmmədov, AZƏRTAC
Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 29-cu ildönümü münasibətilə YAP Daşkəsən rayon təşkilatı rayon icra hakimiyyəti ilə birgə tədbir keçirib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Tədbirdə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlarda bildirilib ki, partiyanın təsis olunduğu 1992-ci ilin 21 noyabr tarixi ictimai-siyasi fikir, yeni, müasir dövlətçilik tariximizin ən əlamətdar və unudulmaz günlərindən biri kimi milli təqvimimizdə daim yaşayacaq. Bu gün öz ətrafında yarım milyondan çox insanı birləşdirməklə YAP nəinki ölkənin, hətta Cənubi Qafqazın ən böyük siyasi partiyasına çevrilib. Heç şübhəsiz ki, bütün bu nailiyyətlər ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş sarsılmaz təməlin və bu gün Prezident, Müzəffər Ali Baş Komandan, partiyanın sədri İlham Əliyevin apardığı məqsədyönlü və müdrik siyasətin nəticəsində mümkün olub.
Qeyd olunub ki, YAP Daşkəsən rayon təşkilatı fəaliyyətini partiya rəhbərliyi tərəfindən qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün uğurla davam etdirir. Hazırda təşkilatın üzvlərinin sayı 4720 nəfərə çatıb.