Yeni Azərbaycan Partiyasının Nizami rayon təşkilatında Silahlı Qüvvələr Günü münasibətilə sərgi-tədbir keçirilmişdir
Bakı, 19 iyun (AZƏRTAC). Nizami Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə “Döyüşə hər zaman hazırıq!” mövzusunda sərgi-tədbir keçirilmişdir.
YAP Nizami rayon təşkilatından AZƏRTAC-a bildirmişlər ki, tədbir iştirakçıları əvvəlcə rayon məktəblilərinin Azərbaycan ordusu ilə bağlı çəkdikləri şəkillərlə tanış olmuşlar. Eyni zamanda, sərgidə nümayiş olunan təlim silahları da qonaqların diqqətinə çatdırılmışdır.
Sonra YAP Nizami rayon təşkilatının aparat rəhbəri Ramil Vəlibəyov çıxış edərək tədbirin iyunun 19-da keçirilməsinin rəmzi mənası olduğunu demişdir. Bildirilmişdir ki, məhz, 1918-ci ilin iyun ayının 19-da Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən erməni daşnaklarının və bolşeviklərin hücumlarının qarşısını almaq üçün ölkədə hərbi vəziyyət elan edilmiş və bir həftə sonra ordunun formalaşdırılması prosesinə başlanılmışdır.
Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından və inkişafından söz açmışdır. Qeyd edilmişdir ki, ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu dövrdə ordu quruculuğunu, Azərbaycan Silahlı Qüvvələrinin təkmilləşdirilməsini və maddi-texniki bazasının gücləndirilməsini, milli hərbi kadrların hazırlanmasını daim diqqət mərkəzində saxlamışdır. Bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi tədbirlər sayəsində Silahlı Qüvvələr modernləşdirilmiş və bölgənin ən güclü ordusuna çevrilmişdir. Azərbaycan ordusu Ali Baş Komandanın əmri ilə ölkəmizin ərazi bütövlüyünü bərpa etmək qüdrətinə malikdir.
Tədbirdə Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Nizami rayon şöbəsinin sədri Məhi Mehdiyev və Azərbaycan Ağsaqqallar Şurası Nizami rayon təşkilatının sədri Mail Əliyev çıxış edərək ölkədə özbaşınalığın, xaosun yaşandığı bir vaxtda - 1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin ordu quruculuğu sahəsindəki əvəzsiz xidmətlərindən danışmışlar.
Tədbirdə çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi tədbirlər nəticəsində milli ordu quruculuğu yeni mərhələyə qədəm qoymuş, qısa müddətdə vahid komandanlığa tabe olan nizami ordu formalaşdırılmışdır.
Vurğulanmışdır ki, Ulu Öndərin bu siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyevin səyləri nəticəsində Azərbaycan ordusu qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrilmişdir. Ordumuz hər an düşmənə layiqli cavab vermək əzmindədir.
Sərgi-tədbirin sonunda gənc rəssamlara diplomlar və hədiyyələr təqdim edilmiş, xatirə şəkilləri çəkdirilmişdir.