Yeni Azərbaycan Partiyasının sıralarına daxil olanlar arasında gənclərin sayı artmaqdadır
Bakı, 11 mart, AZƏRTAC
Martın 11-də Yeni Azərbaycan Partiyası (YAP) Kürdəmir rayon təşkilatı Gənclər Birliyinin hesabat-seçki konfransı keçirilib.
Konfransda YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Milli Məclisin deputatı Fərhad Qəribov, partiya fəalları və gənclər iştirak ediblər.
İştirakçılar əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, xatirəsini ehtiramla yad ediblər.
Konfransı açan YAP Kürdəmir rayon təşkilatının sədri Ağali Kərimli bildirib ki, ümummilli lider Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edib, onların ümummilli dövlət mənafeləri əsasında səfərbər olunması üçün mühüm addımlar atıb. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti bu gün Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.
Sonra YAP Kürdəmir rayon təşkilatı Gənclər Birliyinin sədri Namiq Tarverdiyevin hesabat məruzəsi dinlənilib. Qeyd edilib ki, hazırda YAP Kürdəmir rayon təşkilatı Gənclər Birliyi 3625 nəfər gənci öz sıralarında birləşdirir. Bu da rayonda ümumi sayı 8160 nəfər olan partiya üzvlərinin 44,4 faizini təşkil edir. Gənclərin 1230 nəfərini qadınlar, 805 nəfərini isə ali təhsillilər təşkil edir.
Çıxış edənlər YAP Kürdəmir rayon təşkilatı Gənclər Birliyinin fəaliyyətini qənaətbəxş sayıblar.
YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə respublikamızda gənclər üçün yaradılan böyük imkanlardan və yüksək şəraitdən danışaraq, bu gün gəncliyə olan dövlət qayğısından söhbət açıb. V.Rəhimzadə vurğulayıb ki, müasir Azərbaycan dövlətinin memarı Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə gənclərə böyük diqqət və qayğı ilə yanaşıb: “Ulu Öndər hər zaman vurğulayırdı ki, bir dövlətin gənci öz ölkəsinin, millətinin gələcəyinə inanmırsa, onun gələcəyi uğrunda mübarizəyə qoşulmursa, proseslərə biganə yanaşırsa, o zaman, o millətin gələcəyi olmaz. Yeni Azərbaycan Partiyası partiyanın qurucusu, müasir Azərbaycan dövlətinin banisi ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xəttə uyğun olaraq partiya sıralarında və ölkəmizin ictimai, sosial-iqtisadi həyatında gənclərin fəal iştirak etməsi üçün bütün imkanlardan istifadə edir. Hər il partiya sıralarına daxil olanlar arasında gənclərin sayı artmaqdadır. Bu onu göstərir ki, gənclər Yeni Azərbaycan Partiyasının timsalında özünün gücünün, biliklərinin istifadə olunması üçün böyük meydan görür və öz potensiallarından respublikamızın inkişafı üçün istifadə edirlər”.
Ulu öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan danışan V.Rəhimzadə Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin gənclərə etimad göstərməsindən, ictimai-siyasi proseslərdə gənclərin fəal iştirakından bəhs edib.
Sonra konfransda təşkilati məsələlərə baxılıb. YAP Kürdəmir rayon təşkilatı Gənclər Birliyinin şura və idarə heyətinin üzvləri, sədr və müavinləri, həmçinin YAP Gənclər Birliyinin respublika konfransına nümayəndələr seçilib.