ELM VƏ TƏHSİL
YENİ “ƏLİFBA” KİTABININ TƏQDİMATI
Təhsil Nazirliyində ümumtəhsil məktəblərinin birinci sinifləri üçün yeni dərsliyin- “Əlifba” kitabının təqdimat mərasimi olmuşdur. Kitabın müəllifi filologiya elmləri doktoru, publisist, Milli Məclisin deputatı Rafael Hüseynovdur.
Azərbaycanda ilk dərsliklər hələ X1X əsrin ortalarında yaradılmışdır. M.Ş. Vazeh, M.T.Sidqi, A.O.Çernyayevski, Rəşid bəy Əfəndiyev, Firidun bəy Köçərli, Abbas Səhhət, Abdulla Şaiq və bir sıra digər tanınmış mədəniyyət xadimləri və maarifçilər bu nəşrlərin müəllifləri olmuşlar. Son 40 ildə məktəblərdə professor Yəhya Kərimovun yazdığı “Əlifba”dan istifadə olunurdu. Lakin dövrümüz yeni dərsliklərin yaradılmasını tələb edir.
On rəssamın zəngin illüstrasiyaları ilə bəzədilmiş yeni “Əlifba”da 22 tanınmış Azərbaycan bəstəkarının mahnı bəstələdikləri şerlər və bu mahnıların notları da verilmişdir.
Təhsil naziri Misir Mərdanov mərasimi açaraq bildirmişdir ki, yeni “Əlifba” alternativ dərslik kimi qəbul edilmişdir. Gələcəkdə müxtəlif fənnləri tədris edən müəllimlər zamanı dərs vəsaitini seçmək imkanına malik olmalıdırlar.
Xalq yazıçısı, Milli Məclisin mədəniyyət məsələləri daimi komissiyasının sədri Anar, Bəstəkarlar ittifaqının birinci katibi, professor Vasif Adıgözəlov, Təhsil Nazirliyinin əməkdaşı, filologiya elmləri namizədi Əsgər Quliyev, professor Yəhya Kərimov, Bakı şəhərinin müxtəlif məktəblərinin ibtidai sinif müəllimləri müəllifi təbrik edərək, rəngarəng nəşri yüksək qiymətləndirmişlər.
Rəfael Hüseynov səmimi sözlərə görə mərasim iştirakçılarına təşəkkürünü bildirərək, digər fənlər üzrə də dərsliklər tərtib etməyi nəzərdə tutduğunu vurğulamışdır.