YENİ RABİTƏ QOVŞAĞI İSTİFADƏYƏ VERİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyi Nizami rayonunda müasir texnologiyalar tətbiq etməklə yenidən qurulmuş rabitə qovşağını istifadəyə vermişdir.
Açılış mərasimində çıxış edənlər dövlətin rabitə sahəsinə göstərdiyi diqqət və qayğıdan danışmışlar.
Sonra qovşağa baxış keçirilmişdir. Qovşaq 1792 nömrəlikdir və yüksək tezliklə xidmət göstərir. ENC tipli bu yeni qovşaq eyni zamanda internetə qoşulma, video-telefon və televizora baxmaq imkanı yaradır. Artıq paytaxtda bu tipli ATS-lərin elektronlaşması prosesi yekunlaşmaq üzrədir. Yeni istifadəyə verilmiş qovşaq 30-a yaxın telefon servis xidmətlərinə, o cümlədən sənədləşdirmə, klipservis, nömrəgizlətmə, konfrans-rabitə kimi xüsusiyyətlərə malikdir. Bu cür rabitə qovşağı keyfiyyətli, dayanıqlı, dərhal əlaqə yaratmaq keyfiyyəti ilə seçilir. Rabitə xətləri zədələndiyi halda kompyuter dərhal onu qeydə alır və mərkəzi operatora ötürür.