ELM VƏ TƏHSİL
YENİ TƏDRİS MƏRKƏZİNİN AÇILIŞI
Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti tərəfindən həyata keçirilən “Məhkəmə və hüquq islahatları” layihəsi çərçivəsində yaradılmış yeni “Hüquq və media” tədris mərkəzinin açılışı olmuşdur. Layihə Azərbaycan və AFR hökumətləri arasında imzalanmış “Texniki əməkdaşlıq haqqında” saziş əsasında həyata keçirilir. “Azərbaycan” mehmanxanasında fəaliyyət göstərəcək yeni mərkəzdə jurnalistlər, hüquqşünaslar və hakimlər üçün seminarlar təşkil ediləcəkdir. “Hüquqi biliklərin KİV-də yayılması” proqramı əsasında mətbuat katibləri üçün kurslar da keçiriləcək, KİV haqqında toplular və xüsusi nəşrlər hazırlanacaqdır. Jurnalistlərin hüquqi biliklərini artırmaq üçün “Mass-media və hüquqi dövlət”, “Jurnalistin peşə etikası”, “Jurnalistin yaradıcılıq fəaliyyətinin əsasları” mövzularında seminarlar keçirmək də nəzərdə tutulmuşdur.
Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin milli əlaqələndiricisi Aydın Süleymanov mərasimdə çıxış edərək bildirmişdir ki, son illər Azərbaycanda aparılan hüquq islahatlarına kömək etmək üçün 1997-ci ildə cəmiyyət “Məhkəmə və hüquq islahatları” layihəsini həyata keçirməyə başlamışdır. Ötən dövr ərzində Azərbaycanda hakimiyyətin üç qolu - icra, qanunvericilik və məhkəmə hakimiyyətləri ilə konstruktiv əməkdaşlıq şəraitində xeyli iş görülmüşdür. Hüquq islahatlarının müxtəlif cəhətlərinə həsr olunmuş bir sıra konfranslar və seminarlar keçirilmiş, qanun layihələri hazırlığına, hüquqi ekspertiza keçirilməsinə kömək göstərilmişdir.
Almaniyanın Bakıdakı səfiri Klaus Qrevlix KİV-in hüquqlarının qorunmasını gücləndirməkdə, jurnalistlərin ixtisas səviyyəsini artırmaqda yeni mərkəzin əhəmiyyətini vurğulamışdır.
Konstitusiya Məhkəməsinin sədri Xanlar Hacıyev, Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov mərasimdə çıxış edərək, ölkəmizdə hüquq islahatlarının keçirilməsinə hərtərəfli yardım göstərdiyinə görə Azərbaycan hökuməti adından Almaniya hökumətinə minnətdarlıqlarını bildirdilər.