YENİ TEXNOLOGİYALAR İNSANLARA XİDMƏT ETMƏLİDİR
İntelin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, korporasiyanın başçısı Kreyq Barretin dediyinə görə, texnoloji sektor atmosferə buraxılan karbon dioksid tullantılarının yalnız iki faizinə görə məsuliyyət daşıyır və tullatıların qalan 98 faizini azaltmaq üçün texnologiyalardan yaradıcılıqla istifadə üçün çoxlu imkanlar vardır. Məsələn, GPS texnologiyasının və xüsusi planlaşdırıcı proqramların köməyi ilə vahid yükdaşıma xidməti öz yükmaşınlarının qət etdikləri aylıq məsafəni təxminən 5 milyon kilometr qısalda bilmişdir.
“İntel Science Talent Search-2008” müsabiqəsində 3-cü yeri tutmuş 18 yaşlı Brayn Makkartni nə üçün günəş batareyaları üçün yeni materiallar axtardığından danışmışdır. Makkartninin təqdim etdiyi polimer plyonkalar günəş işığının təsiri altında elektrik enerjisi hasil etməyə, günəş batareyası prinsipi ilə işləməyə qadirdir, həm də silisium texnologiyaları əsasında hazırlanan müasir günəş elementlərindən xeyli ucuzdur.
Texnologiyalar hazırlayanlar üçün forum İntel texnologiyalarının, onların bazasında yaradılan və telekommunikasiya-hesablama sistemləri sahələri nümayəndələri üçün nəzərdə tutulan sistem və qərarların gələcək inkişafını müəyyənləşdirən tədbirdir. İlk dəfə 1997-ci ildə San-Fransiskoda keçirilmiş foruma cəmi 200 texnologiya mütəxəssisi toplaşmışdı. İllər ötdükcə forum daim inkişaf edən dünya proqramına çevrilmişdir. Hər il 25 mindən çox texnologiya eksperti forumun iştirakçısı olur. Bu forum sayəsində sahənin aparıcı nümayəndələri qabaqcıl texnologiyalar barədə təsəvvürlərini dərinləşdirə, korporativ qərarların hazırlanması üçün vasitələr əldə edə və digər şirkətlərlə qarşılıqlı surətdə faydalı münasibətlər yarada bilərlər.