İDMAN
Yeniyetmə həndbolçularımız “Challenge Trophy” yarışında ilk oyununu keçirib
Bakı, 30 may, AZƏRTAC
Bosniya və Herseqovinanın Tuzla şəhərində 2000-2001-ci il təvəllüdlü qızlar arasında keçirilən “Challenge Trophy” yarışında Azərbaycan yığması ilk oyununa çıxıb.
Azərbaycan Həndbol Federasiyasından AZƏRTAC-a bildirilib ki, meydan sahibləri ilə qarşılaşan yığmamız 34:16 hesabı ilə məğlub olub.
Qrupun digər oyununda isə Lüksemburq həndbolçuları Böyük Britaniya təmsilçilərindən üstün olublar - 28:20.
"B" qrupunda yarışan Azərbaycan millisi mayın 30-da növbəti oyununu Lüksemburq kollektivinə qarşı keçirəcək. Bosniya və Herseqovina komandası isə Böyük Britaniya yığması ilə üz-üzə gələcək.
Qeyd edək ki, "A" qrupunun komandaları arasında keçirilən görüşlərdə Belçika komandası Estoniya yığmasına 31:18, Moldova kollektivi Kipr təmsilçisinə 30:22 hesabı ilə qalib gəlib. Yarışın ikinci günü Kipr Estoniyanı, Belçika Moldovanı sınağa çəkəcək.