Yerli müşahidəçi: Hər hansı qanun pozuntusuna rast gəlməmişik, seçicilərin fəallığını görürük
Laçın, 1 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC
İşğaldan azad olunan Laçında Milli Məclisə növbədənkənar seçkilərlə bağlı səs vermə prosesi 6 məntəqədə təşkil olunub. Seçki prosesi yerli müşahidəçilər tərəfindən də izlənilir.
“Vətəndaş Cəmiyyəti Uğrunda" Seçki Müşahidə Koalisiyasının nümayəndəsi Zaur Quliyev AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində deyib: “Müşahidələrimiz onu göstərir ki, seçkilər aktivlik və ruh yüksəkliyi ilə davam edir. Məntəqədə olduğumuz müddətdə hər hansı qanun pozuntusuna rast gəlməmişik, seçicilərin fəallığını görürük və bu da onu göstərir ki, seçkilər Seçki Məcəlləsinə uyğun təşkil olunub”.
121 saylı Laçın seçki dairəsi üzrə 110 seçki məntəqəsi var, 6 seçki məntəqəsi işğaldan azad olunan Laçında yerləşir. Onlardan 105 və 106 saylı seçki məntəqəsi Laçın şəhər mərkəzində, 107 saylı seçki məntəqəsi Zerti kəndində, 108 saylı seçki məntəqəsi Zabux kəndində, 109 saylı seçki məntəqəsi Qorçu kəndində, yeni yaradılan 110 saylı seçki məntəqəsi isə Sus kəndində yerləşir.
Qeyd edək ki, ilk dəfədir Azərbaycanın bütün suveren ərazilərində Milli Məclisə seçkilər keçirilir. Növbədənkənar seçkilər 6478 seçki məntəqəsində təşkil olunur. Onlardan 6343-ü daimi, 135-i isə müvəqqətidir.
Budəfəki seçkilərdə 125 yer uğrunda 990 namizəd mübarizə aparır. Namizədliyi qeydə alınan 305 nəfər 25 siyasi partiyanın nümayəndəsidir.
Parlament seçkilərində 6 milyon 421 min 960 vətəndaş səsvermə hüququndan istifadə edə biləcək. İşğaldan azad olunmuş ərazilərdə səsvermə hüququna malik 42 mindən artıq seçicinin konstitusion hüquqlarını reallaşdırmaları üçün 54 seçki məntəqəsi yaradılıb.
Seçki günü 18 yaşı tamam olan seçicilərin sayı 374, Milli Məclisə seçkilərdə səsvermədə ilk dəfə iştirak edəcək seçicilərin sayı isə 51 min 141 nəfərdir.
Seçkiləri izləmək üçün 51 beynəlxalq qurum və 69 ölkədən olmaqla, 598 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib. Yerli müşahidəçi kimi isə 112 min 749 nəfər qeydə alınıb.
Ölkə ərazisində 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.
Səhər 08:00-da başlayan səsvermə saat 19:00-da başa çatacaq.