Yevlaxda xəstəlik müşahidə edilən həmişəyaşıl ağaclarının müalicəsi aparılıb
Yevlax, 7 sentyabr, AZƏRTAC
Yevlaxda şəhərinə xüsusi gözəllik verən müxtəlif növlərdə çoxsaylı həmişəyaşıl ağaclar əkilib. Lakin bir müddətdir ki, şəhərin müxtəlif ərazilərindəki həmin ağaclarda naməlum xəstəlik aşkarlanıb, bu da bəzi ağaclarda quruma və saralmalara səbəb olub. Dövlət qurumlarını, ictimaiyyəti və sakinləri narahat edən bu məsələ ilə əlaqədar Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən müvafiq qabaqlayıcı tədbirlər həyata keçirilir, qurumun tapşırığına uyğun olaraq şəhərin bütün ərazisində həmişəyaşıl ağaclarının vəziyyətinin araşdırılması aparılır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, İsraildən dəvət edilən bitkiçilik üzrə mütəxəssis, aqronom Qabriel Eliazz Yevlax şəhərinin müxtəlif ərazilərində mövcud həmişəyaşıl ağaclarının vəziyyətini araşdırıb, xəstə ağacların müalicəsi ilə bağlı tədbirlər görülüb.
Mütəxəssisin rəhbərliyi ilə ağaclarda müşahidə edilən xəstəliklərin aradan qaldırılması məqsədilə müxtəlif müalicə üsulları tətbiq olunub, ağaclara gübrə verilib, onlar xüsusi kimyəvi tərkibli dərmanlar olan ampulalarla inyeksiya edilib və quruyan budaqları budanıb.
Xəstəliyin digər ağaclara yayılmasının qarşısının alınması məqsədilə yoluxan ağacların budaqlarının və quruyan yarpaqlarının budanması işləri davam etdirilir.