YOL HƏRƏKƏTİ QAYDALARINA HAMI ƏMƏL ETMƏLİDİR
Son vaxtlar Bakı şəhəri ərazisində yol-nəqliyyat hadisələrinin sayı nəzərə çarpacaq dərəcədə artmışdır. Bunun əsas səbəbləri sürücülərin yol hərəkəti qaydalarını kobud surətdə pozması, yol polisi inspektorlarının qanuni tələblərinə əməl etməmələridir. Avtobus, xüsusən də mikroavtobus sürücülərinin qeyri-peşəkarlığı, kateqoriyalarına uyğun olmayan nəqliyyat vasitələrini idarə etmələri, avtomaşınların xəttə nasaz vəziyyədə çıxması, küçələrdə tıxaclar yaratmaları, başqa mənfi hallar qəzaların baş verməsinə şərait yaradır. Digər tərəfdən, “avtoxuliqanlara” qarşı mübarizənin zəiflədilməsi də haqlı olaraq vətəndaşların narazılığına səbəb olur.
Bakı Şəhəri Baş Polis İdarəsindən AZƏRTAC-a bildirmişlər ki, paytaxt ərazisində YHQ-nı kobud surətdə pozan sürücülərə qarşı mübarizənin gücləndirilməsi, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində mövcud olan nöqsanların aradan qaldırılması məqsədi ilə Bakı Şəhər BİP-nin rəisi polis general-leytenantı Məhərrəm Əliyevin 2002-ci il 7 noyabr tarixli əmri ilə DYPİ-nin, habelə BPİ-nin digər xidmətlərinin vəzifəli əməkdaşlarından ibarət xüsusi qruplar yaradılmışdır.
Həmin qruplar noyabrın 8-dən etibarən şəhərin bir neçə yerində reydlər keçirmiş, sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının kobud surətdə pozulmasına dair 165 fakt aşkar etmişlər. O cümlədən, yolun hərəkət hissəsində əyləcdən istifadə etməklə ictimai asayişi pozduqlarına görə 10 nəqliyyat vəsitəsinin sürücüləri haqqında müvafiq sənədləşdirmə aparılmış, onlar barədə tədbirlərin görülməsi üçün toplanmış materiallar rayon məhkəmələrinə göndərilmişdir. Bununla yanaşı, nəqliyyat vasitələrini sərxoş vəziyyətdə idarə etdiklərinə görə 15, avtomaşınlarda qanunsuz olaraq qaz balonları quraşdırıldığına görə 34, istehsalçı zavod tərəfindən nəzərdə tutulmamış və sərnişin daşınması üçün narahatlıq törədən əlavə oturacaqlar quraşdırdıqlarına görə 23, avtomaşınları sənədsiz, etibarnaməsiz və qeydiyyatsız idarə etdiklərinə görə 30 sürücü saxlanılmış, onlara məxsus nəqliyyat vasitələri isə qorunan müvəqqəti duracağa qoyulmuşdur.
Bundan əlavə, avtomaşınların texniki cəhətdən nasaz vəziyyətdə idarə edilməsi ilə bağlı 14, nəqliyyat vasitəsini yolun hərəkət hissəsinin ikinci zolağında saxlamaqla tıxac yaradılması ilə bağlı 39 qayda pozğunluğu da aşkar edilmişdir. Belə sürücülər inzibati qaydada məsuliyyətə cəlb edilmişlər.
Paytaxtda yol hərəkəti təhlükəsizliyinin daha səmərəli təmin olunması istiqamətində tədbirlər davam etdirilir.