“YouTube” Trampın hesabının bloklanmasına görə təxminən 24,5 milyon dollar ödəyəcək
Bakı, 30 sentyabr, AZƏRTAC
“YouTube” platforması ABŞ Prezidenti Donald Trampın 2021-ci ildə Kapitoli binasında baş verən iğtişaşlardan sonra hesabının bloklanması ilə bağlı qaldırdığı iddianı həll etmək üçün 24,5 milyon ABŞ dollarlıq kompensasiya ödəməyi qəbul edib.
AZƏRTAC xəbər verir ki, razılaşmaya əsasən, kompensasiyanın 22 milyon dolları Ağ Evdə yeni bal zalının inşasına cavabdeh olan "Trust for the National Mall" fonduna yönləndiriləcək. Qalan 2,5 milyon dollar isə digər iddiaçılar – yazıçı Naomi Vulf və Amerika Konservativ İttifaqı (American Conservative Union) arasında bölüşdürüləcək.
Xatırladaq ki, 2021-ci ildə prezident seçkilərinin nəticələrindən narazı qalan Respublikaçılar partiyasının tərəfdarları Kapitoli binasına hücum etdikdən sonra Donald Trampın “Facebook”, “Instagram”, “YouTube” və “Twitter” hesabları bloklanmışdı. Sosial media platformalarının rəhbərliyi respublikaçı namizədin paylaşmalarının iğtişaşları təhrik etdiyi qənaətinə gəlmiş, Donald Trampın özü isə bu addımı qanunsuz senzura kimi qiymətləndirmişdi.
Sonradan, 2022-ci ilin sonunda İlon Mask “Twitter”i (“X”) satın aldıqdan sonra Donald Trampın hesabını blokdan çıxarmış, 2023-cü ilin fevralında “Meta”, mart ayında isə “YouTube” platformaları müvafiq qərarlar qəbul etmişdi.
Qeyd edək ki, bundan əvvəl “Meta” və “X” şirkətləri də Trampın sosial şəbəkə hesablarının bloklanması ilə bağlı iddiaları üzrə müvafiq olaraq 25 milyon və 10 milyon dollar məbləğində kompensasiya ödəməyə razılaşmışdı.